Tarix : 2021 Sep 19
Kod 61698

Doktor Ləvasani-Qarabağ müharibəsində İranın Azərbaycana yardımları

Doktor Məhəmməd Həsən Ləvasani: Qarabağ müharibəsində Azərbaycan xalqına kömək etmək üçün İran düşərgəsi yeganə xarici düşərgə idi.

Şərqi Azərbaycan əyalətinin Qızıl Aypara Cəmiyyətinin sabiq sədri doktor Məhəmməd Həsən Ləvasani birinci Qarabağ müharibəsi illərindən danışır:
Arannews :Birinci Qarabağ müharibəsi dövründə Şərqi Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin rəhbəri kimi mənə tapşırıq verildi ki, İran xalqı tərəfindən toplanmış yardımları Astara sərhədinə çatdırım. Qida maddələri və yanacaqdan ibarət olan təqribən 100 yük maşını idi. Bakı əhalisi çox yaxşı qarşıladı. Bakının İstiqlal prospektində İranın göndərdiyi yardımlar Bakı səlahiyyətlilərinə təhvil verildi.
Qarabağ müharibəsinin başladığı ilk vaxtlardan İran bir tərəfdən vasitəçilik siyasətini izləyirdi, digər tərəfdən də işğal edilmiş ərazilərdən əhalinin çıxarılmasına kömək etməyə səy edirdi. Müxtəlif orqanlar vasitəsilə Azərbaycanın müharibədən əziyyət çəkən əhalisinə yardım çatdırmağa çalışırdı.
Yuxarıdakı mövzu Şərqi Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin sabiq sədri ilə Qarabağ müharibəsi zamanı İranın Azərbaycana yardımları haqda müsahibədən bir parçadır.
Doktor Məhəmməd Həsən Ləvasaninin adı Şərqi Azərbaycan əhalisi üçün çox tanışdır. O, Təbrizin tanınmış və adı dillərə düşmüş həkimlərindəndir, 50 ildən çox müxtəlif sahələrdə xidmət libası geyinib. 8 illik Müqəddəs Müdafiə yaralılarını müalicə etməkdən tutmuş, zəlzələdən, seldən.... əziyyət çəkənlərə yardıma qədər zəhmətləri onun fəaliyyətində görmək olar.
Onun Şərqi Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin rəhbərliyini öhdəsinə aldığı dövr (1981-1994) Qarabağ müharibəsində İranın Azərbaycanın müharibədən əziyyət çəkən əhalisinə yardım göstərdiyi zamana təsadüf edir. Bu yardımlarla bağlı ondan alınmış müsahibəni təqdim edirik.
- Cənab doktor, Şərqi Azərbaycan əyalətinin Qızıl Aypara Cəmiyyəti birinci Qarabağ müharibəsində Azərbaycanın müharibədən əziyyət çəkən əhalisinə hansı yardımları etmişdir?
- İranın Azərbaycan Respublikası xalqına köməyi sabiq sovet hökumətinin bir neçə ölkəyə parçalanması ərəfəsində olduğu dövrə qayıdır. Azərbaycanın müsəlman əhalisi, xüsusilə də Naxçıvan cəmiyyəti Araz çayının sahilinə gəlir, öz azadlıqlarını elan edir və (İrandan) kömək istəyirdi. O vaxt onlara kömək edən yalnız İranın, əsasən də Şərqi Azərbaycanın Qızıl Aypara Cəmiyyəti idi. Biz mövzunu Qızıl Aypara Cəmiyyətində qaldırdıq, Təbrizin o vaxtkı imam cüməsi (mərhum Ayətullah Mələkuti) də getdi, söhbət etdi. O, icazə verdi ki, Qızıl Aypara Cəmiyyəti ilə əlaqələnmiş formada yardımlar toplanılsın. Şərqi Azərbaycan, əsasən də Təbriz əhalisinin mədəniyyəti ilə düyü, yağ, yanacaq və s. kimi çoxlu miqdarda yardımlar hazırlandı. Bu yardımları Naxçıvana apardıq. Naxçıvanda həqiqətən xalq tərəfindən çox yaxşı qarşılandıq. Bizi salavat və alqışlarla qarşıladılar. Yardımlar Qızıl Aypara Cəmiyyətinin sədr müavinləri, üzvləri, şəhərin məsul işçiləri, Cəmiyyətin o vaxtkı ictimai xidmətlər üzrə müavini, habelə Vəliyyi-fəqihin Qızıl Aypara Cəmiyyətində nümayəndəsi Səfəvinin –hal-hazırda vəfat edib– köməkliyi ilə Naxçıvana çatdırıldı. Naxçıvanda yardımları came məsciddə yerləşən bir xeyriyyə cəmiyyətinə təhvil verdik. Bu cəmiyyət kommunist hökumətindən qabaq fəal olmuşdu, ancaq sonradan fəaliyyətinə icazə verilməmişdi. Bir az azadlıq əldə edən kimi məscid öz xeyriyyə fəaliyyətini bərpa etmişdi. Həmin yardımlardan bir hissəsini də Qızıl Aypara Cəmiyyətinin əməkdaşları və ostandarlığın səlahiyyətliləri gümanımca, Şərur və Ordubadda –dəqiq yadımda deyil– payladılar. O vaxt Azərbaycan Respublikasının sabiq prezidenti cənab Heydər Əliyev də Naxçıvanda idi. Biz onunla söhbət etdik və Heydər Əliyev bu yardımlara görə bizə və İran İslam Respublikasına təşəkkür etdi.
- İranın Azərbaycana yardımları təkcə Naxçıvan əhalisinə aid idi?
- Xeyr! Bu yardımlar davam edirdi. İranın Qızıl Aypara Cəmiyyəti təzə təsis edilmiş Azərbaycan Respublikası və Bakı şəhərinin əhalisinə də yardım etməyi qərara aldı. Bu iş Şərqi Azərbaycanın Qızıl Aypara Cəmiyyətinə tapşırıldı və hökm verildi ki, mən Cəmiyyətin sədri kimi İranın müxtəlif yerlərindən, habelə Azərbaycan əyalətlərindən toplanmış yardımları Astara sərhədindən keçirərək Azərbaycan Respublikasına aparım. Bu yardımlar təqribən 100 yük maşını idi. O vaxt Biləsuvar sərhəd-keçid məntəqəsi haqda söhbət olunsa da, hələ beynəlxalq keçid məntəqəsinə çevrilməmişdi. Ona görə də yükləri Biləsuvar sərhədinə aparmaq barədə bəziləri ilə söhbət etdik ki, bu bəhanə ilə Biləsuvarda gömrük məntəqəsi yaransın. Qısası, razılıq verildi və İranın Azərbaycandakı səfiri və Azərbaycanın İrandakı səfiri yardım karvanını qarşılamaq üçün sərhədə gəldilər. Yadımdadır, İranın Azərbaycanda o vaxtkı səfiri Nəhavəndiyan idi. O gəldi və Bakının Tehrandakı səfiri gəldi və biz yardımları sərhəddən keçirdik. Özünüz bilirsiniz ki, 100 yük maşınında nə qədər yardım ola bilər! Yükü Bakıya apardıq və İnqilab meydanında yerləşdik. Bakı əhalisi bizi çox yaxşı qarşıladı. Gəldilər, baxdılar. Yük maşınlarının hər birində İran İslam Respublikasının iftixarlı bayrağı var idi. Bakı əhalisinin öz istəyi ilə yük maşınları bir gün və xüsusi, vəsfedilməz əzəmətlə şəhərdə hərəkət etdi. Cəmiyyət çox yaxşı qarşılayırdı. Bunu vəsf etmək üçün söz tapa bilmirəm. Sonda Bakının İstiqlal meydanında İranın Azərbaycan xalqına yardımları ölkənin ora gəlmiş rəsmilərinə və səlahiyyətlilərinə təhvil verildi.
- Şərqi Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin birinci Qarabağ müharibəsində Azərbaycanın müharibədən əziyyət çəkən əhalisinə daha hansı köməkləri olub?
- Qarabağ müharibəsində Azərbaycanın əhalisindən çoxu köçkün düşdü. Xüsusilə də Xudafərin sərhədində. Biz o bölgənin əhalisi ilə həmdərdlik əsasında, habelə İslam Respublikasının, ölkə rəsmilərinin müsbət baxışı, Ayətullah Mələkutinin təşviqi ilə həmin bölgənin əhalisi üçün yardım hazırladıq. İlk mərhələdə heç bir sığınacağı və imkanat vasitələri olmayan qoca qadın və qoca kişidən tutmuş uşaq və qadınlara qədər çox pis şəraitdə ac-susuz qalmış insanlara kömək etməyə çalışdıq. Qərara aldıq ki, Qızıl Ayparanın köməyi ilə onlar üçün bir neçə düşərgə salaq. Düşərgələri Azadlı və İmişli bölgələrində yaratdıq və lazım olan təchizatla tam təmin etdik. Bu düşərgənin su, işıq, telefon və yanacağı da İran hökuməti tərəfindən təmin olunurdu və onun məsuliyyəti ilk mərhələdə demək olar ki, Şərqi Azərbaycanın Qızıl Ayparasına tapşırılmışdı. Bu işdə hörmətli qardaş Tahiri çox zəhmət çəkdi. Ayətullah Mələkuti də, Allah ruhunu şad etsin, bütün hallarda Qızıl Ayparanın yanında idi və bizi təşviq edirdi.
- Qarabağ müharibəsi başlayan vaxtdan İran vasitəçilik, işğal edilmiş ərazilərdən əhalinin çıxarılması, Azərbaycana yardım siyasəti həyata keçirirdi.
Cənab doktor, bu mövzuda Qızıl Aypara Cəmiyyətinin tibbi köməkləri necə idi?
- İranın Azərbaycan Respublikasının müharibədən əziyyət çəkən əhalisinə yardımları təkcə qida maddələri, yanacaq və digər ilkin yaşayış ehtiyaclarından ibarət deyildi. Əgər tibbi köməklər və iranlı həkimlər orada olmasaydı, vəziyyət çox-çox böhranlı olardı. Müharibə yaralılarının bir hissəsi Təbrizin “Şühəda” xəstəxanasında müalicə alırdı. Bunu da qeyd edim ki, bu arada Azərbaycandan bir qrup həkim də təlim görmək üçün gəlmişdilər və iranlı həkimlər onlara lazımi təlimlər, xüsusilə də cərrahiyyə əməliyyatlarını öyrədirdilər. İranın o bölgəyə göndərdiyi yardım və təchizatlar da mühüm bir mövzu idi.
Hər bir müharibə bir sıra itkilərə səbəb olur. O cümlədən müharibədə yaralananlar. O vaxt İranın Bakıdakı ofisi tibbə aid sərgi açdı. Bu sərgidə protez və ortopedik avadanlıqlar, protez texnikası, süni əzalar və… habelə, fizioterapiya sərgiləndi. Oranın qazi və veteranları sərgiyə baxış keçirdilər və onun avadanlığından istifadə etdilər. Təbrizdə səy etdik ki, Qızıl Ayparanın ortopediyasını daha təkmiləşmiş formada təchiz edək. Üstəlik, gənc qüvvələr işə cəlb etdik və onlar təlim kursları keçdilər, protez, tibbi ayaqqabılar, süni əl və ayaq hazırlamağı peşəkar şəkildə öyrəndilər. Habelə, Şərqi Azərbaycanın Qızıl Ayaparasının fizioterapiyası doğrudan da, ölkənin ən yaxşı fizioterapiyası sayılır.
- Cənab doktor, Azərbaycan Respublikası xalqının İrana baxışını necə dəyərləndirirsiniz?
- Azərbaycanın adi cəmiyyəti ya turist kimi, ya da müalicə məqsədilə Təbrizə gəlirlər. Doğrudan da, həmişə təşəkkür edirlər və deyirlər ki, bizim çətin günlərimizdə İran bizə çox kömək etdi. Həm Qızıl Aypara vasitəsilə, həm də İran cəmiyyəti vasitəsilə. Yəni, mənim bildiyim qədər Təbrizə üz tutan xəstələr və onların yoldaşları çox təşəkkür edirlər. İranın o vaxt etdiyi köməklər həmişə onların yadındadır. Ola bilsin ki, həmin nəsil artıq qocalıb, ancaq həmin köməkləri İran və Şərqi Azərbaycanın qeyrətli xalqının yardımları kimi gələcək nəsillərə və öz övladlarına danışıblar.
- Bir neçə dəfə Bakıya səfər etmisiniz. O dövrün əhalisi haqda oxucularımıza məlumat verirsinizmi?
- O vaxt onların əlifbası rus əlifbası idi, ancaq danışıqları azəricə idi. Bəzi yerlərdə camaat öz etiqadlarını qoruyub saxlamışdılar. Hətta müsəlmanların bütün dini mərasimlərini yerinə yetirirdilər. Aşura və mübarək Ramazan ayına tam etiqad bəsləyirdilər. Ən çətin vəziyyətdə belə öz dinlərini qorumuşdular. Bu, çox dəyərli idi. Azərbaycan Respublikası xalqı biz iranlılarla ortaq səliqəyə sahibdir. Tarixi cəhətdən, dini cəhətdən! Xüsusilə də bizi bir-birimizə bağlayan İslam dini və şiə məzhəbidir. Unutmuram ki, onlar dinə nə qədər teşnə idilər. Onlara verilmiş Qurana çox böyük hörmətlə yanaşırdılar, baxırdılar və gözlərindən yaş süzülürdü! Çünki uzun illər idi ki, onları əllərinə Quran götürməyə qoymamışdılar.
- Cənab doktor, orada yaradılan düşərgələr təkcə İrana aid idi, yoxsa digər ölkələrin də düşərgələri var idi?
- Təkcə İranın düşərgəsi var idi. Bu düşərgəni bir müddət Qızıl Aypara idarə etdi. Bir ora gedib-gəlirdik. Sonra Ərdəbilin əyalət olması səbəbindən onun idarəçiliyini Ərdəbilə vermək istədilər. İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyəti onun idarəçiliyi üçün qrup göndərdi. Ancaq onun əsasını qoyan biz idik. Azərbaycan Respublikasının müharibədən əziyyət çəkən əhalisinə yardım etməkdə Şərqi Azərbaycan İran xalqının təmsilçisi kimi böyük bir qütb idi.
Qaynaq: azarpazhoh
Müsahibəni apardı: Fatimə Dadaşi

 
  • Yazılıb
  • da (də) 2021 Sep 19
  • Göndərən جهان کمالی