Tarix : 2021 Oct 04
Kod 61763

Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır

Bu gün İmam Hüseyn (ə) adına Hərbi Akademiyada müdavimlərin buraxılış mərasimi keçirildi.
Arannews“leader.ir” saytına istinadla xəbər verir ki, Ali Rəhbər  Ayətullah Seyid Əli Xamenei İmam Hüseyn (ə) adına Akademiyada keçirilən  buraxılış mərasiminə video konfrans vasitəsilə qoşulub.  
Daha sonra Ali Baş Komandan çıxışında  Silahlı Qüvvələri  başıuca İran xalqının  təhlükəsizliyinin möhkəmlənməsi, güclü və əziz vətən üçün möhkəm bir qala adlandırıb və qeyd edib ki, əcnəbilərin bölgədə müdaxiləsi  ixtilafların yaranmasına və ziyana səbəb olur. “Bütün məsələlər və hadisələr əcnəbilərin müdaxiləsi olmadan region ölkələrin İran və Silahlı Qüvvələrin gücündən və ağlından  nümunə götürərək  həll olunmalıdır. 
Ali Rəhbər məzunların müvəffəqiyyət qazanacağına və Silahlı Qüvvələrdəki gənclərin İmam Hüseyn məktəbi və universitetindən bəhrələnərək inkişaf edəcəyinə  ümid etdiyini bildirib və  İran xalqını mömin,  saleh, şücaətli, əzmli və bəsirətli gənclərə sahib olduqları üçün təbrik edib. 
“Vətən gənclərini bu cür tərbiyə edən əziz komandirlər hörmət və təqdirə layiqdirlər.” 
Ayətullah Xamenei Əmirəlmöminin Əlinin (ə)  Silahlı Qüvvələr haqqında buyurduğunun reallaşdığını bildirərək qeyd edib ki,  Allahın yardımı ilə  İran Silahlı Qüvvələri bu gün sözün həqiqi mənasında  ölkə daxili və xaricindəki düşmənlərin hədəfi qarşısında xalq və ölkə üçün müdafiə qalxanıdır.  
Ayətullah Xamenei  İran xalqı üçün  əsgərlik etməyin  izzət və başıucalığa səbəb olduğunu bildirib. “İran xalqını və ölkənin islami, milli və inqilabi kimliyini müdafiə etmək üçün hazırlaşmaq Silahlı Qüvvələrin böyük fəxridir. 
Ali Rəhbər sabitliyi (təhlükəsizliyi) ölkənin inkişafı üçün bütün zəruri fəaliyyətlərin infrastrukturu adlandırıb və ölkənin təhlkəsizliyinin əcnəbilərə arxalanmadan (əcnəbilərdən asılı olmadan) təmininin önəmli olduğunu vurğulayıb.   “Bu məsələ, əlbəttə,  İran xalqı üçün adidir, lakin  müxtəlif ölkələr, hətta Avropa ölkələri bu problemlə bağlı əziyyət çəkir.” 
Ayətullah Xamenei  Avropa və ABŞ arasında son vaxtlar baş verən  söz-söhbətlərə toxunub və qeyd edib ki,  bəzi avropalılar ABŞ-ın addımını arxadan kürəyə saplanan xəncər adlandırdı və bir növ bildirdilər ki, Avropa  NATO-ya,  həqiqətdə ABŞ-a  arxalanmadan  (asılı olmadan) müstəqil olaraq  öz təhlükəsizliyini təmin etməlidir.  
“Avropa ölkələri ABŞ-a, yəni Avropaya qarşı olmayan bir ölkəyə güvəndikləri  səbəbindən  davamlı təhlükəsizliyə nail ola bilmədikləri halda, öz Silahlı Qüvvələrini ABŞ və digər əcnəbilərin nəzarəti altında qoyan digər ölkələrin vəziyyəti məlumdur”. 
Ali Baş Komandan  başqalarına söykənən təhlükəsizliyin təminini illüziya adlandırdı və bildirdi ki,  bu illüziyaya giriftar olanlar tezliklə möhkəm şillə yeyəcəklər. Çünki  əcnəbilərin hər bir ölkənin sülh, müharibə və sabitliyinə birbaşa və ya dolayı yolla müdaxiləsi müsibətli bir faciədir.  
Ali Rəhbər  Silahlı Qüvvələrin çətin və çox önəmli sınaqlardan, xüsusilə, 8 illik Müqəddəs Müdafiə sınağından başıuca və güclü çıxmasını tərifləyib.  “Silahlı Qüvvələrin gücü təlim, elmi təşəbbüslər, təchizat və təşkilati intizam kimi məsələlərdən asılıdır. Lakin  Silahlı Qüvvələrin güclü olmasında ən əhəmiyyətli faktor  ruh yüksəkliyi, mənəviyyat, dini və əxlaqi məsələlərdır. 
Ali Rəhbər zahiri və həqiqi olmayan güc üçün nümunə olaraq ABŞ-ın mənəviyyat və əxlaqdan uzaq təchiz olunmuş ordusunun Əfqanıstandan çıxmasını göstərib və qeyd edib ki, ABŞ 20 il öncə Talibanı devirmək üçün Əfqanıstana ordu yeritdi. “Bu uzun müddətli işğalçılıq zamanı çoxlu qətliamlar, cinayətlər və ziyanlar vurdu.  Lakin  bu qədər maddi və humanitar xərclərdən  sonra hökuməti Talibana verib çıxdı. Bu həqiqət bütün ölkələr üçün ibrət dərsi olmalıdır.” 
Ayətulah Xamenei ABŞ ordusunun  Əfqanıstandan çıxdığı zaman düşdüyü vəziyyəti  bu ordunun həqiqi mahiyyətinin göstəricisi adlandırıb. “ABŞ və onun kimi ölkələrin ordusundan Hollivud sayağı görüntülər sadəcə bir şoudur. Çünki onların həqiqi mahiyyəti  Əfqanıstanda görünənlərdir.”
Ali Rəhbər Şərqi Asiya xalqının ABŞ ordusuna nifrətini xatırladaraq qeyd edib ki, ABŞ hər bir yerə müdaxilə edərsə, xalqların nifrətini qazanır.  
Ali Baş komandan əcnəbilərin bölgədəki hərbi mövcudluğunu da ixtilafa, ziyana və dağıdıcılığa səbəb kimi qiymətləndirib və qeyd edib ki,  bölgənin xeyri bundadır ki, bütün ölkələr öz millətinə arxalanan və qonşu ordularlarla harmoniya quran müstəqil bir orduya sahib olsun.  
“Bölgə orduları  regionun sabitliyini qoruya bilər. Əcnəbi orduların öz mənafeyini qorumaq üçün bölgəyə müdaxiləsi və hərbi iştirakına icazə verilməməlidir. İranın şimal-qərbində, bəzi qonşu ölkələrdə cərəyan edən hadisələr bu məntiqlə, yəni əcnəbilərin iştirakına icazə verməməklə həll olunmalıdır.” 
Ayətullah Xamenei  bildirib ki, ölkəmizin silahlı qüvvələri həmişə iqtidar və rasionallıqla hərəkət edir və bu rasionallıq digər ölkələr üçün nümunə, mövcud problemlərin həllində bir amil olmalıdır. Hər kəs bilməlidir ki, kimsə qardaşları üçün quyu qazarsa, əvvəl quyuya elə özü düşəcək. 
Çıxışının sonunda   Ali Baş Komandan Silahlı Qüvvələrə bundan sonra da millət və ölkəyə xidmət etməklə fəxr etməyi, maddi və mənəvi imkanlarını daha da artırmağı tövsiyə etdi. 
Ali Baş komandanın çıxışından öncə  İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Baqiri  Silahlı Qüvvələrin  hərbi hazırlığı, müdafiə və təhlükəsizlik sahəsindəki gücü, eləcə də, ictimai fəaliyyətləri haqqında hesabat verib.   
M.Baqiri, həmçinin, ABŞ-ın Əfqanıstandakı məğlubiyyətindən danışıb və bildirib ki, bu alçaldıcı məğlubiyyət, onların bölgədəki hərbi bazalarının və avadanlıqlarının böyük hissəsini çıxarması,  sionist rejimin  "Qüds qılıncı" adlı 12 günlük müharibədəki məğlubiyyəti  ABŞ-ın sürətlə zəifləməsinin göstəricisidir. 
İmam Hüseyn (ə) adına Hərbi Akademiyada video vasitəsilə yayımlanan mərasimdə, həmçinin  İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın komandiri briqada generalı  Qulami,  Şəhid Səttari adına Akademiyanın komandiri briqada generalı Rudbari və  Əmin adına Hüquq Mühafizə Orqanları Akademiyasının komandanı  general  Bəxtiyari  öz universitetlərinin fəaliyyəti, gördüyü işlər və təhsil proqramı haqqında Ali Baş Komandana məlumat veriblər.  
Andiçmə mərasimi, köhnə tələbələr tərəfindən yenilərinə bayraqların təhvil verilməsi,  meydanda məzunların marşı mərasimdə təşkil olunan digər proqramlar idi.   
Ali Baş Komandanının icazəsi ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisi bir sıra hərbi akademiya məzunlarına dərəcələr və fəxri fərmanlar verdi.
  • Yazılıb
  • da (də) 2021 Oct 04
  • Göndərən جهان کمالی