Tarix : 2008 Jul 30
Kod 6181

“Azərbaycanda İnsan Hüquqları və Demokratikləşmə” mövzusunda dinləmələr keçirilib

Dövlət Katibinin müavini Deyvid Kreymer də Azərbaycanda insan hüquqlarının, mətbuat azadlığının vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar administrasiyanın gördüyü tədbirlər haqda məlumat verib
Azerbaijan Servisi/Aran Agentliyi
ABŞ Konqresinin Helsinki Komissiyasında “Azərbaycanda İnsan Hüquqları və Demokratikləşmə” mövzusunda dinləmələr keçirilib. ABŞ Dövlət Katibinin Demokratiya, İnsan Hüquqları və Əmək məsələləri üzrə müavini Deyvid Kreymer, Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev və Freedom House təşkilatının araşdırmalar üzrə direktoru Kristofer Valker şahid qismində çıxış ediblər.
    Dinləmələrdə Helsinki Komissiyasının həmsədrləri, konqres üzvləri və bəzi senatorlar da iştirak ediblər.
    Helsinki Komissiyasının həmsədri, Florida ştatından demokrat qanunverici Elsi Hestinqs çərşənbə axşamı günkü dinləmələrin Azərbaycanda prezident seçkilərinə qədər keçiriləcək dinləmələrin birincisi olduğunu qeyd edib. O, Konqresin Helsinki Komissiyasının vaxtaşırı region ölkələrin ilə bağlı tədbirlər təşkil etdiyini bildirərək, komissiyanın Amerikada insan hüquqlarının vəziyyəti ilə əlaqədar dinləmələr də keçirdiyini xatırladıb. O, Quantanamo təcridxanasındakı problemlər və ABŞ dairələrinin nəzarətindəki məhbuslarlarla nə şəkildə rəftar edilməsi barədə dinləmələri buna nümunə olaraq göstərib.
    Elsi Hestinqs və dinləmələrdə iştirak edən digər qanunvericilər Azerbaycanla ABŞ arasında enerji və təhlükəsizlik sahəsindəki əməkdaşlığa da işarə ediblər. Onlar Azərbaycanın İraq və Əfqanıstana qoşun göndərməsini xüsusilə qeyd ediblər.
    Elsi Hestinqs deyib ki, Azərbaycanın ABŞ-la əlaqələri yaxşı olsa da ATƏT və Avropa Şurasının, Azərbaycanda mətbuat azadlığı, siyasi məhbuslar və prezident seçkilərinin necə keçiriləcəyi ilə əlaqədar çoxlu narahatlıqlar var.
    Dövlət Katibinin müavini Deyvid Kreymer də Azərbaycanda insan hüquqlarının, mətbuat azadlığının vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar administrasiyanın gördüyü tədbirlər haqda məlumat verib. O, eyni zamanda dinləmələrdə iştirak edən qanunvericilərin suallarına cavab verib. Deyvid Kreymer söyləyib ki, ABŞ Azərbaycanı dost bir ölkə kimi qəbul edir və ABŞ-ın Azərbaycandakı maraqları eyni əhəmmiyyətə malik üç sahəni əhatə edir: bunlar demokratik və iqtisadi islahatlar, enerji mənbələrinin diversifikasiyası və təhlükəsiz sahəsində əməkdaşlıqdır. O, deyib ki, demokratik islahatlar sahəsində tərəqqi təkçə ABŞ-ın Azərbaycanla əlaqələrinin yaxşılaşması üçün yox eyni zamanda Azərbaycanın uzun müddətdə sabitliyi üçün də əhəmmiyyət kəsb edir.
    Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev də dinləmələrdəki çıxışında Azərbaycanın insan hüquqları sahəsində göstəricilərini müdafiə edib və medianın işi ilə bağlı qanunvericilik aktları haqqında məlumat verib.
 
  • Yazılıb
  • da (də) 2008 Jul 30