Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi polkovnik-leytenant Qasımov Ramiz Vaqif oğlunun ildönümü mərasimi keçirilib.
Arannews :xəbər verir ki, II Şəhidlər Xiyabanında keçirlən mərasimdə Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı, General Leytenant Ramiz Tahirov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkili Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin ailə üzvləri və yaxınları, Vətən müharibəsi iştirakçıları, qazilər, və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim başlamazdan öncə Respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükut elan olunduqdan sonra şəhidin məzari ziyarət edilərək önünə əklil və çələnglər qoyulub, xatirəsini ehtiramla yad edilib.
Qeyd edək ki, Ramiz Qasımov 1981-ci ildə Beyləqan şəhərində 4 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur və 1992-ci ildə oradan məzun olmuşdur. 80-cı illərin sonları, 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olmuşdur. Müharibənin yeni-yeni alovlandığı 1992-ci ildə Ramiz Qasımov Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə qəbul olmuşdur və 1997-ci ildə oranı bitirmişdir.
2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsində Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmiş və 22 Oktyabr tarixində şəhid olmuş, II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09.12.2020-ci il və 15.12.2020-ci il tarixli Sərəncamlarına əsasən Qasımov Ramiz Vaqif oğluna ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş və "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.