Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri ölkəsi ilə Ermənistanla sülh müqaviləsi imzalamaq istədiyini bəyan edib.
Arannews :Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə çıxış edən Hikmət Hacıyev deyib ki, Dağlıq Qarabağ münaqişəsinə artıq son qoyulub, artıq Qarabağ Azərbaycanın daxili işidir: “Ancaq Ermənistan və Azərbaycan arasında birbaşa münasibət, əlaqə yoxdur. Zəngəzur dəhlizinin açılması regionda nəqliyyat əlaqələrinin bərpa olunmasını təmin edəcək. Azərbaycan Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyasına başlanmasını, sülh müqaviləsinin imzalanmasını istəyir. Bir daha vurğulamaq istəyirəm ki, Fransa və Almaniya arasında olduğu kimi Azərbaycanla Ermənistan arasında da sülh müqaviləsi imzalanmasını istəyirik”.
Prezidentin köməkçisi həmçinin qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda Gürcüstanla birgə layihələr həyata keçirir, Ermənistanın da bu prosesə qatılmasını istəyir.
Bundan öndə prezident İlham Əliyev də Dördüncü Qlobal Bakı Forumunun açılışındakı çıxışı zamanı bildirmişdi ki, Ermənistana sülh müqaviləsi üzərində işləməyə dair bir sıra təkliflər irəli sürüb, rəsmi Bakı müharibə haqqında yox, sülh haqqında, gələcək haqqında danışmaq fikrindədir. Lakin bu təklif hələ cavabını almayıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Qarabağ məsələsi nəzərə alınmadan sülh müqaviləsinin imzalanmasını təklif edir, Ermənistan isə bundan əvvəl Qarabağın statusunun həllində israrlı qalır. ATƏT Minsk Qrupunun həmsədrləri sözü gedən məsələdə daha çox Ermənistanın mövqeyini dəstəkləyirlər.