Gürcüstanın ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat” keçmiş prezident Mixeil Saakaşvilinin saxlandığı Rustavi həbsxanasının yaxınlığında etiraz aksiyası keçirir.
Arannews :Gürcüstan KİV-ə istinadən xəbər verir ki, mitinqin əsas tələbi 37 gündür həbsdə olan və aclıq aksiyasını davam etdirən siyasətçinin özəl klinikaya köçürülməsidir.
Müxalifət lideri Nika Meliya bəyan edibki, onların etirazı Saakaşvili xilas edilənə qədər davam edəcək.
Rustavi həbsxanasının təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisə yerinə xüsusi təyinatlılar və kriminal polis əməkdaşları səfərbər edilib, hasarlar quraşdırılıb.
Daxili İşlər Nazirliyinin göstərişi ilə əvvəllər təşkilatçılar aksiyanı cəzaçəkmə müəssisəsinin divarlarından bir qədər uzaqda yerləşən yeni yerə köçürməli olublar.
Qeyd edək ki, hakim “Gürcü arzusu” Saakaşvilinin aclıq aksiyasının “yalan” olduğunu və müxalifətin “dağıdıcı proqramı”nın tərkib hissəsi olduğunu iddia edir. Dünən ədliyyə naziri Rati Breqadze bəyan edib ki, keçmiş prezidentin vəziyyəti qənaətbəxşdir və onun bütün həyati kriteriyaları normaldır. Onun sözlərinə görə, Saakaşvili sıyıq və təbii şirələrdən istifadə edir, həmçinin həkimlərin təyin etdiyi dərmanları qəbul edir.