Tarix : 2021 Nov 10
Kod 61887

Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasına toxunulmayıb

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli razılaşmanın ildönümü ilə əlaqədar bəyanat yayıb.

Arannews : Bəyanatda deyilir ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda nəzərdə tutulmuş müddəalara ümumilikdə riayət olunur.
Rusiya XİN-in bəyanatındakı bu iddiaya rəğmən, üçtərəfli razılaşmada Ermənistan hərbçilərinin Rusiya Sülhməramlılarının nəzarətinə keçən ərazilərdən çıxarılması nəzərdə tutulsa da, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin elə bu gün yaydığı bəyanatında bunun reallaşmadığı bildirilir.
Rusiya XİN üçtərəfli razılaşmanın ildönümü ilə əlaqədar yaydığı bəyanatda həmçinin Rusiyanın, Azərbaycan və Ermənistan xalqları arasında dialoqa töhvə verməyə hazır olduğunu bildirir:
“Azərbaycan və Ermənistan xalqları arasında etimad mühitinin formalaşdırılması məqsədilə Rusiya Federasiyasının iştirakı ilə Azərbaycan Respublikası və Ermənistan Respublikasının ictimaiyyət nümayəndələri arasında dialoqa da dəstək verməyə hazırıq”,- deyə bəyanatda bildirilir.
Bəyanatda Azərbaycan Respublikasının Rusiya Sülhməramlılarının nəzarətində olan ərazilərində yaşayan ermənilərlə Azərbaycan xalqı arasında dialoqa hansısa töhfədən söz açılmayıb.
Cənubi Qafqaz ölkələri və onların qonşuları arasında mehriban qonşuluq münasibətlərinin qurulmasına, qarşılıqlı fayda kəsb edən regional əməkdaşlığın inkişafına tərəfdarıq”, - Rusiya XİN-in bəyanatında deyilir.
Rusiya xarici siyasət idarəsinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixli bəyanatında öz əksini tapmış Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı vəzifələri öz tərəfdaşları ilə birlikdə ardıcıl şəkildə həyata keçirmək niyyətində olduğu qeyd edilir.
Bundan başqa, bəyanatda Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılmasının, delimitasiya, ardınca isə demarkasiya prosesinin tezliklə başlanılmasının vacibliyi vurğulanır.

  • Yazılıb
  • da (də) 2021 Nov 10
  • Göndərən جهان کمالی