İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün Tehranda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib, görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
Arannews :Mətbuat konfransının əvvəlində İranın xarici işlər naziri türkiyəli həmkarını salamlayaraq deyib: "Bu gün iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı mühüm dialoqumuz oldu. İran və Türkiyə arasında əməkdaşlıq üçün uzunmüddətli hərtərəfli yol xəritəsinin hazırlanması ilə bağlı razılığa gəldik və ümid edirik ki, Ərdoğanın Tehrana gələcək səfəri zamanı iki ölkə prezidentlərinin iştirakı ilə uzunmüddətli əməkdaşlıq müqaviləsi imzalanacaq".
İranın diplomatiya aparatının sədri görüş zamanı Əfqanıstanın vəziyyəti, regional məsələlər, Qərbi Asiyada təhlükəsizlik və sabitliyin yaxşılaşdırılması zərurəti və iki ölkənin qonşuluq siyasətinin müzakirə ounduğunu bildirib və vurğulayıb: "Həm Tehranda, həm də Ankarada yerləşən hökumətlər praqmatik hökumətlərdir və biz iki ölkə arasındakı münasibətlərin mümkün maneələrini tez bir zamanda aradan qaldırmalıyıq".
İranın xarici işlər naziri əlavə edib: "İki ölkə arasındakı münasibətlər tarixi, dost və mehriban münasibətlərdir və biz əməkdaşlığın inkişafına nail olmaq üçün iki ölkə arasında olan bu tarixi və dərin əlaqələrə xüsusi diqqət yetirəcəyik".
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da mətbuat konfransında deyib: "İrana qarşı sanksiyalar zalımcasınadır və sanksiyaları tətbiq edənlər onları ləğv edilməlidir. Ümid edirəm ki, Vyana danışıqları uğurlu olacaq".
Çavuşoğlu əlavə edib: "Biz İraqda sabitliyin tərəfdarıyıq və İraqın baş nazirinə qarşı hücumu pisləyirik. Suriyaya gəlincə isə, yüksək səviyyəli görüşlər keçirəcəyimizə ümid edirik. Əfqanıstan və onun sabitliyi məsələsində İranla bir yerdəyik. Biz Əfqanıstandakı vəziyyətdən çox narahatıq və inklüziv hökumətin yaradılması həll yolu ola bilər".
"Biz Əfqanıstanla bağlı əməkdaşlığa hazırıq və İranla beynəlxalq əməkdaşlığı inkişaf etdirmək istəyirik", - deyə Türkiyənin xarici işlər naziri qeyd edib.
O, əlavə edib: "Mən Tehranı həmişə dost evi bilmişəm və özümü öz evimdə hiss edirəm".
Çavuşoğlu, həmçinin regionun iqtisadiyyatını gücləndirməyə kömək edəcək layihələrdə iştirak etdiklərini bildirib.