İran prezidenti Türkiyənin xarici işlər naziri ilə görüşdə vurğulayıb: "İran və Türkiyə əlaqələri indiki səviyyədən hərtərəfli əməkdaşlığa yüksəltməyə hazır olmalıdır".
Arannews :iran prezidenti Seyid İbrahim Rəisi bu gün İranda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbulu zamanı, iki ölkə arasında xüsusilə də ticarət və iqtisadi əlaqələrin inkişafının iki ölkə xalqının xeyrinə olduğunu bildirərək, deyib: "İran və Türkiyə uzunmüddətli əməkdaşlıq üçün yol xəritəsini yekunlaşdırmaqla qarşılıqlı əlaqələri indiki səviyyədən hərtərəfli əməkdaşlığa yüksəltməyə hazır olmalıdır".
İran prezidenti əlavə edib: "İki ölkə arasında regional əməkdaşlıq beynəlxalq əməkdaşlığa çevrilməlidir və bu cür qarşılıqlı əlaqə hər iki ölkənin mühüm mövqeyini nəzərə alaraq qlobal məsələlərdə təsirli ola bilər".
Prezident İslam Respublikasının region ölkələrinin öz problemlərini əcnəbilərin müdaxiləsi olmadan həll edə bilməsi ilə bağlı baxışına toxunaraq, qeyd edib ki, əcnəbilərin mövcudluğu region xalqları və hökumətləri arasında inamsızlıq və gərginlikdən başqa heç bir faydası olmayacaq; Necə ki, ABŞ-ın Əfqanıstanda 20 illik varlığı qətl, qan tökülməsi və dağıntıdan başqa heç nə ilə nəticələnmədi və məlum oldu ki, Əfqanıstanın problemləri bu ölkə xalqı və qonşularının köməyi ilə həll edilə bilər.
İran prezidenti İŞİD terror qruplaşmasının fəaliyyətinin bütün region ölkələrinin ziyanına olduğuna diqqət çəkərək, deyib: "ABŞ rəsmilərinin etirafına görə, İŞİD-i onlar yaradıblar və təbii ki, bu qruplaşma amerikalıların sifarişi ilə hərəkət edir və müxtəlif ölkələrdə onların adından qətl törədir və qan tökür".
Rəisi qeyd edib ki, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə Tehran və Ankara arasında əməkdaşlığın mərkəz nöqtəsi ola bilər və İran bu sahədə də Türkiyə ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
Dövlət başçısı Türkiyənin xarici işlər nazirinin İranla Cənubi Qafqaz regionunda ortaq əməkdaşlığa dair sözlərinə istinad edərək, deyib: "İran İslam Respublikasının Azərbaycan və Türkiyə ilə dərin və uzunmüddətli dini və mədəni əlaqələri var və biz əcnəbilərin bəzi hərəkətlərinin əlaqələrə xələl gətirməsinə imkan verməməliyik".
Türkiyənin xarici işlər naziri də bu görüşdə, ölkəsinin İran İslam Respublikası ilə əlaqələrini sürətləndirməyə çalışdığını vurğulayıb.
Çavuşoğlu deyib: "Türkiyə İranın yeni hökumətini nəticəyönümlü hökumət hesab edir və Tehranla əməkdaşlıq səviyyəsini mümkün qədər artırmaq əzmindədir".
Türkiyənin xarici işlər naziri, həmçinin Cənubi Qafqazda sabitlik və ticarətin inkişafında İranın əməkdaşlığı və iştirakının əhəmiyyətinə toxunaraq, deyib: "Biz Cənubi Qafqazda sabitlik və ticarət əlaqələrini artırmaq üçün İranla ikitərəfli əməkdaşlıq qurmaq və gücləndirmək istəyirik".
Bölgədə baş verən proseslərə də toxunan Çavuşoğlu terrorla mübarizə və regionda sabitliyin təmin edilməsində İranla əməkdaşlıq etmək istədiklərini bildirib.