Siyasət, qərar yaratma və qərarların qəbulu prosesində “broker”in “struktur” üzərində hökmranlığı son illərdə Türkiyə hakimiyyətində cərəyan edən mühüm yanaşmalardan biridir. Yürüdülən siyasətlər əsasən “şəxs mərkəzlidir” və ölkə prezidentinin siyasi, təhlükəsizlik, hərbi və iqtisadi baxışlarına əsaslanır.
Arannews :Türkiyənin xarici siyasətinin fundamental yanaşması aqressiv realizmdir
Bu kontekstdə Ərdoğan hökumətinin müxtəlif xarici siyasət məsələləri barədə yanaşmasını “aqressiv realizm” nəzəriyyəsi olan “güc” əldə etmək, saxlamaq və artırmağı ölkənin xarici siyasətinin son hədəfi hesab etmək olar. Belə ki, burada beynəlxalq münasibətlərdə etik normalara çox da məhəl qoyulmamasını dəyərləndirmək və təhlil etmək olar.
Türkiyə hökumətinin son illərdə Aralıq dənizinin şərqindən Qərbi Asiyaya qədər atdığı bütün addımlar, müxtəlif dövr və bölgələrdə, Türkiyənin milli maraqlarına xidmət etmiş olsa da, sözügedən bölgələrdə hətta tərəfdaş və dostlarla gərginlik və qarşıdurma səviyyəsini artırmaqla nəticələnmişdir. Türkiyə özünü Osmanlı İmperatorluğunun varisi hesab edir və eyni zamanda, dağılmış Osmanlı İmperiyasını dirçəltmək başda olmaqla, çoxsaylı məqsədlər güdür.
Hələ də I Dünya Müharibəsində parçalanmış Osmanlı İmperatorluğunun xarabalıqlarından çıxa bilməyən Türkiyə hökuməti bu məqsədlə siyasi, mədəni, iqtisadi və digər sahələrdə konkret siyasətlər müəyyən etmişdir. Osmanlı İmperatorluğunu dirçəltmək sevdası Türkiyənin Qərbi Asiya və Aralıq dənizinin şərqindəki müsəlman, qonşu və sərhəd ölkələrlə problemlərinin çoxunun əsas mənbəyinə çevrilib.
Qonşularla sıfır gərginlikdən yüz gərginliyə qədər
Türkiyənin xarici siyasətində son on ildən artıq dövürdə atılan addımlar Ədalət və İnkişaf Partiyasının qurucu və keçmiş üzvlərindən olan, keçmiş xarici işlər naziri Professor Əhməd Davudoğlu tərəfindən dəstəklənən planlardır. Türkiyənin son onillikdə, konkret olaraq 2011-ci ildə Suriya böhranı başlayandan bu yana atdığı addımlara nəzər saldıqda, bu gün aydın olur ki, Türkiyənin xarici siyasətində Davudoğlunun prinsipləri, strategiyaları və düşüncələri hələ də davam etdirilir. Yalnız bir halda Türkiyə hökuməti Davudoğlunun doktrinalarından, yəni qonşularla “sıfır gərginlik siyasəti”ndən kənara çıxıb. Davudoğlu müxtəlif dillərə, o cümlədən fars dilinə tərcümə edilmiş “Strateji dərinlik” adlı kitabı qələmə alıb. Davudoğlunun bu kitabında vurğulanan əsas müddəa odur ki, Türkiyə qonşuları ilə heç bir gərginlik yaşamamalı və qonşuları ilə sıfır gərginlikdə olmalıdır.
Amma, son on ildə Türkiyə hökumətinin xarici siyasəti bu strategiyadan cüzi enişlə relsdən çıxıb və bu gün qonşuları ilə “yüz gərginlik” adlandırılası bir məqamdadır.
“İlisu” bəndinin açılması neoosmançılığın başqa bir göstəricisidir
6 noyabrda Ərdoğanın iştirakı ilə Dəclə çayı üzərində “İlisu bəndi”nin açılışının şahidi olduq; belə ki, Türkiyə hökumətinin bu hərəkətini iki mühüm qonşusu olan İran İslam Respublikası və İraqla Türkiyə arasındakı gərginliyin yeni nümunələrindən biri hesab etmək olar. Ötən illərdə İlisu bəndinin tikintisinə, qeyd olunacaq müxtəlif səbəblərə əsasən, həmişə İran və İraq hökumətləri etiraz ediblər.
İlisu bəndi “GAP” layihəsində müəyyən edilib və GAP Türkiyə hökumətinin hidrosiyasəti kontekstində qiymətləndirilə bilər. Türkiyə hökuməti daxili güc nümayiş etdirmək və kürdlərə nəzarət etmək üçün hidrosiyasətdən istifadə edir. Xarici siyasət sahəsində Ərdoğan hökumətinin hidrosiyasətinin daha mühüm funksiyaları var ki, onların başında qonşu ölkələrə təzyiq və onlardan güzəştlər almaq dayanır. Buna əsasən, hidrosiyasət və bu formatda həyata keçirilən layihə və planlar məhz Ərdoğan hökumətinin “neoosmançılığını” yürütməyə yönəlib.
İlisu bəndinin zahirdə su, kənd təsərrüfatı və bənd ətrafı ərazilərdə infrastrukturun inkişafı ilə bağlı olduğu görünsə də, şübhəsiz ki, Türkiyə ilə İran İslam Respublikası və İraq arasında siyasi, təhlükəsizlik və su gərginliyinin yeni formasını yaradacaq.
Qeyd etmək lazımdır ki, GAP və ya “Cənub-Şərqi Anadolu Layihəsi” Türkiyənin cənub-şərqi Anadolu bölgəsində geniş bənd tikintisini əhatə edən çoxşaxəli inkişaf layihəsidir. Belə ki, bölgədə yaşayan (2005-ci il siyahıyaalmasına görə) 9 milyon insanın həyatını yaxşılaşdırmaq üçün davamlı inkişaf bəhanəsi ilə, lakin prinsipcə "siyasi" hədəflərlə başladı. Layihənin ümumi dəyəri 100 milyard türk lirəsi və ya təxminən (2017-ci ilin məzənnəsinə əsasən) 32 milyard dollar təşkil edir ki, 2010-cu ilə qədər bunun üçdə biri həyata keçirilib.
Bu layihə Fərat və Dəclə çayları hövzəsində yerləşən Adıyaman, Batman, Diyarbəkir, Qaziantəp, Kilis, Siirt, Şanlıurfa, Mardin və Şırnaq daxil olmaqla Mesopotamiyanın şimalında, Türkiyənin 9 elinin 75.000 kvadrat kilometr ərazini əhatə edir. Türkiyə hökuməti GAP-dan daxili və xarici funksiyaları olan siyasi və təhlükəsizlik silahı kimi istifadə etməyə çalışır.
Coğrafi mövqe
İlisu bəndi Türkiyənin cənub-şərqində, Mardin və Şırnaq vilayətləri daxilində, Darkeçid şəhərindən 15 km məsafədə Dəclə çayı üzərində tikilmişdir. Bəndin tikintisinə 2006-cı ildə və Dəclə çayının istiqamətləndirilməsinə 2012-ci il avqustun 29-da keçirilən mərasim zamanı başlanılıb və 2014-cü ildə başa çatdırılması planlaşdırılırdı. Sonda, 2018-ci ilin fevralında bu baş verdi. Amma, İraqın rəsmi və qeyri-rəsmi dairələrinin etirazları səbəbindən su qəbulu 2019-cu ilin noyabr ayına qədər təxirə salınıb.
Anbar 43 milyard kubmetr su tutumuna malikdir və Atatürk su anbarından sonra Türkiyənin ikinci ən böyük su anbarıdır. Dəclə və Fərat çaylarının mənşəyi Türkiyədən başlayır və bu sədd Türkiyənin GAP layihəsi çərçivəsində Dəclə və Fərat çayları üzərində tikmək niyyətində olduğu 22 bənddən biridir.
Maraqlıdır ki, Dəclə çayı ətrafındakı 23,5 milyon əhalinin cəmi 15 %-i Türkiyədə, 79 %-i İraqda və 6 %-i İranda yaşayır! Amma, İlisu bəndinin tikintisi ilə Dəcləyə gələn suyun 56%-i bəndin arxasındakı gölməçənin və oradan Türkiyənin payına düşəcək!
Fəsadlar və nəticələr
İlisu su bəndi, su və ətraf mühitin qorunması və milyonlarla insanın həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində böyük və bəlkə də əsas nailiyyət olsa da, əlbəttə ki, qonşu ölkələrdə səhralaşmanın sürətlənməsi, yerli əhalinin hüququnun tapdanması, yerli əhalinin su haqqına etinasızlıq, İran İslam Respublikası, İraq və Suriyanın flora və fauna növlərindəki dəyişiklər kimi mənfi təsir və nəticələri var ki, aşağıda bu mühüm hallardan bəzilərinə işarə edirik:
1. Su qıtlığı sahəsində təhdidlər, ekoloji çoxnövlülüyün itirilməsi, toz böhranı və kənd təsərrüfatı sahəsində tənəzzül səbəb olacaq;
2. Dəclənin su haqqının Türkiyə tərəfindən ləğv edilməsi İranın 25 qərb və mərkəzi əyalətində toz probleminə səbəb olacaq və nəticədə İranın ətraf mühitini Türkiyədən asılı vəziyyətə salacaq;
3. Bu bəndin inşası ilə Dəclənin su ehtiyatlarının 56%-nin İran və İraqa daxil olmasının qarşısı alınacaq, bunun nəticəsində “Hur əl-Əzim” bataqlığının qaçılmaz ölümünü, su canlılarının məhv olmasını və İranda böyük ekoloji fəlakət gözləməliyik;
4. Bu bəndin inşası ilə Dəclə çayının su təminatına Türkiyə hökuməti tərəfindən etinasızlıq olacaq və nəticədə İraq və Suriyanın mərkəzi bataqlıqları quruyacaq;
5. Suriya və İraqda Dəclə və Fərat çayları yaxınlığındakı 7 milyon hektardan çox kənd təsərrüfatı sahəsi məhv ediləcək;
6. Suriya və İraqda Mesopotamiya düzənliyində milyonlarla hektar kənd təsərrüfatı və yaşayış sahəsi dağıdılacaq, tərk ediləcək və yaşayış olmayacaq;
7. Külək eroziyası və toz istehsalı mərkəzləri, İraqda baş verəcək quraqlıq və bu ölkədən qalxan toz İranda ətraf mühitin məhvinə səbəb olacaq.
Qeyd edək ki, Türkiyənin Dəclə çayı üzərində İlisu bəndini tikməsi beynəlxalq hüquqa və beynəlxalq çayların idarə olunması və istismarı ilə bağlı hüquqi qaydalara ziddir.
Strategiyalar
Türkiyənin su ehtiyatları siyasətinin inkişafı qonşu ölkələr, xüsusilə də İran İslam Respublikası üçün ətraf mühit, kənd təsərrüfatı və toz-torpaq basması sahələrində qarşısıalınmaz fəsadlara gətirib çıxarır ki, bu da uzunmüddətli perspektivdə siyasi və təhlükəsizlik sahələrində problem yarada bilər.
Türkiyə hökumətinin hidrosiyasət sahəsində təxribatçı hərəkətləri və bundan qaynaqlanan nəticələrin qarşısını almaq üçün, İran İslam Respublikası regional güc və Qərbi Asiya ölkələrinin tarixi lideri kimi hər hansı passiv davranışdan qaçaraq aktiv mövqe nümayiş etdirməlidir. Bundan əlavə, İslam Respublikası həm regional, həm də beynəlxalq səviyyədə prinsipial, realist və fəal diplomatiyadan istifadə etməklə, beynəlxalq geosiyasi və ekoloji hüquqlardan faydalanmaqla İranın milli maraqları, təbii və insan resurslarının regional və beynəlxalq səviyyədə müdafiəsi üçün hidropolitika sahəsində davamlı model yaratması zəruridir.
Türkiyənin təxribatçı hidropolitik siyasətindən təsirlənən region ölkələri ilə birlikdə səlahiyyətli beynəlxalq məhkəmə və tribunallara şikayət olunması Türkiyənin su sahəsində ekstremist yanaşmalarına qarşı mübarizənin başqa bir həll yoludur.