Ərdəbil Azad Universitetinin tələbə bəsicinin təşəbbüsü və Qafqaz Mədəniyyət Mərkəzinin əməkdaşlığı ilə “İkinci Qarabağ müharibəsindən sonra regionda baş verənlərin araşdırılması” mövzusunda peşəkar konfrans keçirilib.
Arannews -Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbil Azad Universitetində “İkinci Qarabağ müharibəsindən sonra regionda baş verənlərin araşdırılması” mövzusunda peşəkar konfrans keçirilib. Konfransda tələbələr, müəllimlər və ekspertlər, o cümlədən Qafqaz məsələləri üzrə ekspert doktor Məhəmməd Rza Kaffaş Cəmşid və doktor Sahranəvərd iştirak ediblər.
Konfransın ilk natiqi Qafqaz məsələləri üzrə ekspert doktor Kəffaş Cəmşid toplantının mövzusunun ictimai rəy, xüsusilə tələbələr üçün vacibliyini açıqlayıb və çıxışını ikinci Qarabağ müharibəsinin başlanmasının səbəblərini izah etməklə davam etdirib.
Ekspert deyib: “Bu bölgədəki son atəşkəsdən 26 il keçmişdi. Yeni müharibənin başlanması barədə vacib məsələ güc balansının dəyişməsidir. Bir tərəfdə Azərbaycan Respublikasını görürük ki, avtoritardır, pul vasitəsilə modern silahlar ala bilir və Türkiyənin hərbi təlimlərindən faydalanır. Bu ölkənin əhalisində də öz torpaqlarının 20 faizindən çoxunu işğal altında gördüyündən müharibəyə başlamaq üçün motivasiya var. Qarşı tərəfdə isə iqtisadi, hərbi və siyasi problemlər yaşayan Ermənistan dayanır.”
Doktor Kəffaş daha sonra deyib: “İkinci mühüm məsələ isə Ermənistanın rusmeyilliləri hakimiyyətdən uzaqlaşdırmaq və qərbpərəstləri iş başına gətirmək barədə səhv hesablamalarıdır. Yəni Ermənistan öz ənənəvi müttəfiqindən (Rusiya) uzaqlaşdı. Bu ölkənin ikinci əsas səhvi isə Amerika və qərbin İranı ən ağır sanksiya ilə sıxdığı bir vaxtda işğal edilmiş Fələstin ərazilərində səfirlik açması, hətta irticaçı ərəb dövlətlərindən də qabaq mənfur sionist rejimilə münasibətləri normallaşdırması oldu.”
Ekspert çıxışının davamında Azərbaycan Respublikasının Ermənistanla müqayisədə uyğun müttəfiq tapmasına və diplomatiya sahəsində qələbəsinə toxunaraq qeyd edib ki, digər mühüm amil müharibənin başlama vaxtıdır. Azərbaycan Respublikası Ermənistanın himayədarı olan əksər dövlətlərin, xüsusən də ABŞ və Fransanın koronavirusa qarşı mübarizəyə, Suriya, İraq və Əfqanıstan məsələlərinə cəlb olunduqları bir vaxtda Ermənistanla 44 günlük müharibəyə başladı və qalib gəldi.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Respublikasının qürur və zəfər hislərinə işarə edən, Bakı hökumətinin əvvəlki məqsəd və mövqelərinin dəyişdiyini, indiyədək qarşıya qoyulmamış bəzi yeni tələblər irəli sürmək cəhdini vurğulayan ekspert deyib ki, bu tələblər arasında Zəngəzur dəhlizinin yaradılması və Qarabağda yaşayan ermənilərə muxtariyyət verilməsindən imtina da yer almışdır.
Doktor Kəffaş əlavə edib: “Digər tərəfdə isə Ermənistan özünü müharibənin uduzmuş tərəfi kimi görərək daha artıq imtiyazlar verməyə məcbur oldu və hal-hazırda Ermənistanın indiki hökumətinin qanuniliyi və sevimliliyi təhlükədədir. Bu ölkədə artıq rusmeyillilər güclənməkdədir və bu yaxın gələcəkdə hökumətin dəyişəcəyini göstərir.”
Qarabağ münaqişəsində Türkiyənin aktiv roluna toxunan ekspert qeyd edib ki, Türkiyə bu olaylarda müəyyən məqsədlər ardıncadır və həmin məqsədlərdən biri də Zəngəzur dəhlizi yaratmaq, beləliklə, İranın Ermənistanla quru sərhədini kəsmək və ölkəmizi çətin vəziyyətə salmaqdır. Çünki Türkiyə İslam aləmində İranın əsas rəqibidir. Onun izlədiyi digər hədəf isə nüfuzunu gücləndirmək və özünü nümunə göstərməkdir.
Ekspert birinci Qarabağ müharibəsində İranın Azərbaycan Respublikasına hərtərəfli yardımlarına, ikinci Qarabağ müharibəsində prinsipial mövqelərinə, Ali Məqamlı Rəhbərin Azərbaycanın işğal edilmiş bütün ərazilərinin işğaldan azad edilməsinin və Ermənistanın öz təcavüzünü dayandırmasının vacibliyinə təkid etməsinə toxunaraq, İranı Qafqaz bölgəsində baş verən proseslərin ən çox zərər görən tərəfi adlandırıb.
Ekspert çıxışının sonunda Azərbaycan Respublikasında sionist rejimin hüzuruna və Qarabağ münaqişəsinə müdaxilə etməsinə qısa işarə edib, bu bədnam rejimin Azərbaycan Respublikasında artan təsirindən narahatlığını bildirib, sionist rejimin İranın nüvə alimlərini terror etməsinə və İranda törətdiyi digər təxribat hərəkətlərinə toxunaraq, gələcəkdə belə hərəkətlərin təkrarlana biləcəyi barədə xəbərdarlıq edib.