Türkiyədə işçilər yaşayış şəraitinin pisləşməsinə və minimum əmək haqqına etiraz olaraq, küçələrə çıxıblar.
Arannews -Tashaio.com-ın məlumatına əsasən, Türkiyə Həmkarlar İttifaqları Konfederasiyası İstanbul, Ankara və bu ölkənin digər şəhərlərində pis məişət şəraitinə etiraz olaraq, etiraz aksiyaları keçirib.
Etirazçılar şüarlar səsləndirərək, maaşlarının artırılmasını tələb ediblər.
İşçilər hazırda 3 min 570 lirə olan minimum əmək haqqının gələn il 5 min 200 lirəyə çatdırılmasını istəyirlər.
Eyni zamanda çərşənbə günü gecə saatlarında Ankara və İstanbul əhalisi ölkənin milli valyutası olan lirənin ABŞ dolları qarşısında 15 faiz dəyər itirməsinə etiraz olaraq, küçələrə çıxıb.
Ötən cümə günü də Türkiyənin İzmir şəhərində minlərlə insan inflyasiyaya etiraz olaraq, nümayiş keçirib.
Türk lirəsi cari ilin əvvəlindən ABŞ dollarına nisbətdə 40 faiz dəyər itirib.
Hazırda bu ölkədə bir ABŞ dolları 13 lirədən artıq ticarət olunur.
Türkiyəli ekspertlər hesab edirlər ki, koronavirus böhranı ilə yanaşı ABŞ və Avropa hökumətləri ilə siyasi böhranların kəskinləşməsi, regional gərginlik, valyuta ehtiyatlarının azalması, turizm sektorundakı tənəzzül, gözləntidən daha çox inflyasiya habelə Türkiyə hökumətinin mərkəzi bankın işlərinə müdaxiləsi kimi digər amillər də türk lirəsinin dəyər itirməsinə səbəb olub.