Arannews : məlumatına əsasən, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi noyabrın 28-də Türkmənistan paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (IƏT) 15-ci zirvə toplantısının kənarında Azərbaycan Respublikasının prezident İlham Əliyev ilə görüşüb.
Görüşdə cənab Rəisi Qarabağ məsələsinə münasibətdə İran İslam Respublikasının mövqeyinin şəffaf və birmənalı olduğuna toxunaraq deyib: "İranda İslam inqilabının aliməqamlı rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurların mövqeyi bundan ibarət idi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır. Hazərda isə iki ölkənin xarici işlər nazirinin apardıqları danışıqlar, müzakirələr ölkələrimizin münasibətlərini daha da dərinləşdirəcək, irəliyə aparacaq və əlaqələrimiz möhkəmlənəcək."
İranın hökumət başçısı sonra deyib: "Azərbaycan Respublikası ilə münasibətlərimiz təkcə qonşuluq münasibətləri deyildir, bizim ürəklərimizin münasibətidir, iki ölkənin xalqlarının ürəkləri bir döyünür. Bizim tarix və sivilizasiya birliyimiz vardır. Bütün bunlar bizi daha da möhkəm birləşdirir. Biz heç vaxt imkan verməməliyik ki, digərləri bizim münasibətlərimizə müdaxilə etsinlər. Biz öz məsələlərimizi özümüz həll etməliyik, münasibətlərimizi irəliyə aparmaq, qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək üçün birgə işləməliyik. İndiyə qədər olan təcrübə də bunu göstərir ki, biz həmişə öz məsələlərimizi özümüz müzakirə edəndə onların bir çoxunun həllinə nail olmuşuq və qarşıdakı maneələri dəf etmişik. Mən bunu Sizə dəqiqliklə və əminliklə söyləyirəm ki, Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan və dəstəkləyən ölkələrdən biri İran İslam Respublikası olub."
Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyev isə cavab olaraq deyib: "İran İslam Respublikası ilə əlaqələrə biz çox böyük önəm veririk. Bizim xalqlarımız qardaş xalqlardır. Əsrlər boyu bir yerdə yaşamışıq. Qohumluq əlaqələri də kifayət qədər genişdir."
Azərbaycan lideri sonra bildirib: "xalqlarımızı ortaq tarix, ortaq mədəniyyət birləşdirir: “Bu, çox gözəl zəmindir. Biz bu zəmin üzərində ikitərəfli əlaqələrin müasir tarixini yazırıq. Çox şadam ki, görüş üçün belə gözəl fürsət yaranıb. Bu, bizim Sizinlə birinci görüşümüzdür. Əminəm ki, bu görüş İran-Azərbaycan əlaqələrinin inkişafına çox güclü təkan verəcəkdir”.
Söhbət zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulanıb.
Rəisi azərbaycanlı həmkarı ilə ikitərəfli görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada bildirib ki, İranın Azərbaycan Respublikası ilə əlaqələri mədəni-sivilizasiya əlaqələridir və bu əlaqələr keçmişə gedib çıxır və zərrə qədər də pozulmamalıdır.
Cənab Rəisi sonra deyib: “Bu gün Azərbaycan prezidenti ilə yaxşı görüşümüz oldu və iki ölkə üçün maraq doğuran məqamlar qaldırıldı”.
Hökumət başçısı həmçinin İran, Türkmənistan və Azərbaycan Respublikası arasında qaz sazişinin imzalandığını bildirərək deyib: İki-üç ölkə arasında əlaqələrin inkişafı üçün daha çox addımlar atılmalıdır. İran ilə Azərbaycanın iradəsi iqtisadi, ticarət və tranzit əlaqələri üçün daha çox addımların atılmasına köklənib və ümid edirik ki, bu əlaqələr inkişaf edəcəkdir.