Tarix : 2021 Dec 05
Kod 61995

Iran parlamentinin vitse-spikeri: Azərbaycanın sevincini və kədərini İran hər zaman bölüşüb

İran İslam Respublikası parlamentinin vitse-spikeri Azərbaycanın Tehrandakı səfirini qəbul edib.

Arannews : Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İran İslam Respublikasının İslam Şurası Məclisi sədirinin birinci müavini, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Nikzad ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikasının 44-günlük Vətən müharibəsində qazandığı qələbənin ildönümü münasibətilə təbriklərini çatdıran Əli Nikzad Azərbaycanın sevincinin və kədərinin İran üçün də bir olduğunu qeyd edib.
Parlamentlərarası əlaqələrin önəmini vurğulayan Əli Nikzad həmçinin Azərbaycanın Milli Məclisi ilə əlaqələrin daha da möhkəmləndirilməsində səylərin artırılmasının zəruriliyini vurğulayıb və ikitərəfli əməkdaşlığın güclənməsinə parlament nümayəndələrinin öz tövhəsini verəcəyini diqqətə çatdırıb. 
Səfir Əli Əlizadə də Azərbaycanın İranla əlaqələrə xüsusi önəm verdiyini, İranın Azərbaycan üçün dost və yaxın qonşu ölkə olduğunu bildirib. Azərbaycan-İran parlamentlərarası münasibətlərin, dostluq qruplarının səmərəli əməkdaşlığının əlaqələrin daha da inkişafına zəmin yaratdığını və bu istiqamətdə Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinin üzərinə düşən vəzifələri və əlaqələndirmələri yerinə yetirməyə hər zaman hazır olduğunu bildirib.
Görüşdə iki ölkə arasında müştərək layihələrin icrası, səfərlərin və görüşlərin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

  • Yazılıb
  • da (də) 2021 Dec 05
  • Göndərən جهان کمالی