Tarix : 2021 Dec 09
Kod 62005

Ermənistan XİN: Azərbaycana dəhliz vermək öhdəliyimiz yoxdur!

Emənistan Xarici İşlər Nazirliyi Azərbaycan prezidentini kommunikasiyalar məsələsinə qeyri-səmimi yanaşmada ittiham edib.

Arannews :nazirliyin yaydığı bəyanatda Azərbaycan prezidenti İlham Əliyevin “Zangezur dəhlizi” ilə bağlı son açıqlamasına cavab olaraq deyilir: “Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanmış 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlara əsasən Ermənistan Respublikasının Azərbaycana dəhliz vermək öhdəliyi, şərti və razılaşması yoxdur. 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda isə yalnız tərəflərin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrini blokdan çıxarmaq barədə razılığa gəldiyi bildirilir.
Bəyanatda qeyd olunur ki, Ermənistan Respublikası Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat verir və rəsmi İrəvan regionda bütün nəqliyyat və iqtisadi əlaqələri blokdan çıxarmaqda maraqlıdır.
Ermənistan XİN vurğulayır ki, Azərbaycan prezidentinin bəyanatlarının 9 noyabr, 11 yanvar və 26 noyabr bəyanatları ilə heç bir əlaqəsi yoxdur, bunlar üçtərəfli işçi qrupunda və Soçidə əldə olunan razılaşmalara ziddir, qeyri-konstruktiv və təxribatçı məqsədlər güdür, Ermənistan Respublikasının ərazi bütövlüyü və suverenliyinə təhlükə yaratmaq məqsədi daşıyırlar. 
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində sakinlərlə görüşü zamanı deyib: "Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun. Çünki İkinci Qarabağ müharibəsi bütün dünyaya xalqımızın iradəsini, gücünü və birliyini göstərdi.", - deyə Azərbaycan dövlət başçısı bildrib.

  • Yazılıb
  • da (də) 2021 Dec 09
  • Göndərən جهان کمالی