Moskvada Cənubi Qafqaz üzrə daimi sülh və sabitliyin yaradılmasına xidmət edən “3+3” formatındakı regional əməkdaşlıq platformasının ilk iclası keçiriləcək.
Arannews :Toplantıda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko, Türkiyə xarici işlər nazirinin müavini Sədat Önal, habelə Ermənistan XİN başçısının müavini Vahe Gevorkyan və İran rəsmisi iştirak edəcək. Gürcüstan tərəfi bu toplantıya qatılmayacaq.
“3+3” sülh platforması ideyası ötən il Qarabağ müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən gündəmə gətirilib. Ermənistanla diplomatik münasibətləri olmayan Ankara bu platformanın İrəvanla əlaqələri normallaşdıra biləcəyini deyib.
Siyasi ekspert Asif Nərimanlı Modern.az-a açıqlamasında bildirib ki, bu formatda bütün ölkələrin qazanacağını görmək olur:
“Əsas qazanan ölkə isə Azərbaycan və Türkiyə olacaq. Azərbaycan tərəfindən məsələyə yanaşıldıqda deyə bilərik ki, bu, post-münaqişə dövründə ilk atılan addımlardan biridir. Türkiyə üçün isə regionda öz yerini tutması baxımından vacibdir. Əslində iqtisadi anlaşmaları gücləndirmək üçün mütləq siyasi masada razılaşmaq lazımdır. Bu formatın yaranması da bölgədə beynəlxalq layihələrin bir növ siyasi habı hesab edilə bilər. Rusiyanın qazanacağı budur ki, Cənubi Qafqaz cəbhəsində özünün iştirak etdiyi bir platforma yaradır və Qərbin bura müdaxilə imkanlarını zəiflədir. Bilir ki, Qərblə qarşıdurmada tarix boyu Cənubi Qafqaz Rusiya üçün həmişə zəif nöqtə olub. Bununla Rusiya bir növ qazanmış olur.
Türkiyə isə region ölkələrlə münasibətdə qazanıb. Çünki bu platforma yaranandan sonra həm İranla, həm də Rusiya ilə əlaqələrini möhkəmləndirib. Biz bilirik ki, Rusiya və Türkiyənin münasibətləri bu kontekstdə normal irəliləmirdi.
Əslində Ermənistanın bu platformada iştirakı bir növ sülh sazişinin imzalanmasına razılıqdı deyə bilərik. Çünki iştirak qarşılıqlı əlaqələrin yaranması, kommunikasiyanın açılması deməkdir.
İranın bura qoşulması da regionda kənar müdaxilələrin qarşısını alır. Beləliklə yeni bir platforma yaradılır. Bu platforma ilə problemlər həll olunacaq. Proseslərin yekun sülh sazişinə doğru getdiyini deyə bilərik. Regionda sülh və inkşaf üçün ən uyğun format budur. Həmçinin burada Rusiya və Türkiyə faktoru formatı daha da gücləndirir. Ermənistan Türkiyə ilə sərhədlərin açılmasını əldə edə bilər. Çünki Türkiyənin şərtlərindən biri Azərbaycanın şərtlərinin Ermənistanın qəbul etməsi idi. Bu plaformada ən əsası Azərbaycan qazanmış olacaq. Çünki bu platforma ilə Azərbaycan mərkəz ölkə olacaq”.
Siyasi şərhçinin fikrincə, Gürcüstanın prosesdə iştirak etməməsinin səbəblərindən biri də Amerika faktorudur:
“Çünki Amerika bu formata qarşıdır. Burada da təsir edə biləcəyi ölkə Gürcüstandır. Onun qoşulmaması formatın dayanması mənasına gəlmir, amma müəyyən axsaqlıqlar olacaq. Bununla Gürcüstan masadan uduzmuş olaraq ayrılacaq. Çünki Cənubi Qafqazda tək qalır”.