Tarix : 2008 Jul 30
Kod 6203

FƏRHAD ƏLİYEVİ “ÖLÜM KORPUSU”na KÖÇÜRDÜLƏR

Sabiq nazir özündən başqa 2 nəfərlə saxlanılır
Azerbaijan Servisi/Aran Agentliyi
2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunaraq Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı - “Azpetrol” şirkətlər qrupunun keçmiş prezidenti Rafiq Əliyev, nəhayət ki, Bayıldakı 1 saylı istintaq təcridxanasına köçürülüblər. 33 ay MTN-də saxlanılan F.Əliyevə bu müddət ərzində yaxınları ilə görüşə icazə verilməyib, onun müalicəsinə şərait yaradılmayıb. Sabiq nazir psixoloji təzyiqlərə məruz qalıb.
Aldığımız məlumata görə, Əliyev qardaşları Bayıl təcridxanasının 5-ci korpusundakı ayrı-ayrı kameralara yerləşdiriliblər. Hələ sovet dövründən “ölüm korpusu” adlanan 5-ci korpusda güllələnməyə məhkum olunmuş şəxslər saxlanılıblar. 2003-cü ildə seçki məhbusları bu korpusa yerləşdirilənə qədər orada çox ağır saxlanma şəraiti olub. 2003-cü ildə ATƏT-in və Avropa Şurasının Azərbaycan hakimiyyətinə etdiyi israrlı təzyiqlərdən sonra korpusda saxlanma şəraitini bir qədər yaxşılaşdırmaq üçün orada təmir işləri aparılıb. Hazırda Fərhad Əliyevin saxlanıldığı 128 saylı kameranın sahəsi iki kameranın birləşdirilməsi hesabına genişləndirilib.
Sabiq nazir özündən başqa 2 nəfərlə saxlanılır. Dustaqlardan birinin hərbçi olduğu bildirilir. Rafiq Əliyevə gəlincə isə o, məşhur 121 nömrəli kameraya yerləşdirilib. Orada bir neçə ay Rauf Arifoğlu da yatıb. Rafiq Əliyevin özündən başqa 3 nəfərlə saxlanıldığı bildirilir. 128 saylı kamerada isə 2003-cü il seçki məhbuslarına kimi sabiq müdafiə naziri Rəhim Qazıyev saxlanılıb. Seçki məhbuslarından bu kamerada ilk aylarda Müsavat başqanının müavini Arif Hacılı, qəzetimizin baş redaktoru Rauf Arifoğlu və Xalq Partiyasının sədri Pənah Hüseyn 4 ay yarım saxlanılıblar. O zaman həmin kamera təmirsiz və indiki ölçülərindən iki dəfə balaca olub.
Məlumatlı mənbənin sözlərinə görə, Əliyev qardaşlarının köçürüləcəyi cəzaçəkmə yerləri hazırda dəqiqləşdirilir. Onlar Bayıl təcridxanasında cəmisi iki-üç gün qalacaqlar. Sabiq nazirin Binə qəsəbəsində yerləşən və əsasən hüquq-mühafizə orqanlarında çalışmış məmurların saxlanıldığı 2 saylı cəzaçəkmə müəssisəsinə köçürüləcəyi barədə xəbərlər var. Ümumi rejimli olan 2 saylı cəzaçəkmə müəssisəsində hazırda 999 məhbus saxlanılır. Rafiq Əliyevin isə Keşlə qəsəbəsi ərazisində yerləşən 6 saylı “zon”a köçürüləcəyi gözlənilir. Başqa bir mənbəyə görə isə Əliyev qardaşlarını Güzdəkdə yerləşən və daha ağır şəraiti olan zonlara aparacaqlar. Xatırladırıq ki, Güzdəkdə yerləşən 14 saylı zonda bir vaxtlar Pənah Hüseyn və Arif Hacılı cəza çəkiblər; indi isə şair Mirzə Sakit həmin zonda saxlanılır. Digər iki zonda - 12 saylıda Sərdar Cəlaloğlu, 13 saylıda isə Rauf Arifoğlu cəza çəkib; hazırda keçmiş səhiyyə naziri Əli İnsanov Güzdəkdəki 13 saylı cəzaçəkmə müəssisəsindədir.
Dünən Fərhad Əliyevin vəkilləri İsaxan Aşurovla Elton Quliyev 1 saylı təcridxanada olaraq müvəkkilləri ilə görüşüblər. İ.Aşurov görüşün təfərrüatlarını açıqlamağı məqsədəmüvafiq hesab etməyib. O, “Fərhad Əliyevi hansı cəzaçəkmə müəssisəsinə köçürəcəklər” sualını da cavablandırmayıb. “Turan” İnformasiya Agentliyinə açıqlamasında isə vəkil müvəkkilinin Apelyasiya Məhkəməsinin qərarından dərhal sonra köçürülməli olduğunu vurğulayıb. “Görünür, bu, ona qarşı edilən pis rəftardır”- deyə İ.Aşurov qeyd edib.
Xatırladaq ki, iyulun 16-da Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynov birinci məhkəmə instansiyasının F.Əliyev barədə çıxardığı 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasını qüvvədə saxlayıb.
Qeyd etdiyimiz kimi, Əliyev qardaşları 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunublar. Sonradan bu ittiham ayrıca icraata alınıb. 2007-ci il oktyabrın 31-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə F.Əliyev əmlakı müsadirə olunmaqla 10, R.Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Digər müttəhimlər, o cümlədən İqtisadi İnkişaf Nazirliyinin bir qrup keçmiş əməkdaşı da müxtəlif müddətli həbs cəzası alıb. Təqsirləndirilən şəxslər CM-nin 179.3.1, 179.3.2 (mənimsəmə və ya israf etmə), 192.1, 192.2-ci (qanunsuz sahibkarlıq), 206.4 (qaçaqmalçılıq), 213.4 (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.2, 311.3.3 (rüşvət alma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli biliniblər.
 
  • Yazılıb
  • da (də) 2008 Jul 30