Ermənistanın üçüncü prezidenti Serjik Sarkisyan şənbə günü sədri olduğu Respublika Partiyasının qurultayındakı çıxışı zamanı hakimiyyəti dövründə çoxlu səhvlərə yol verdiyini etiraf edib. Eks-dövlət başçısı Ermənistanın bu günü və gələcəyi haqqında danışıb, öz səhvlərinə də toxunub.
Arannews - Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Sarkisyan dolayı yolla indiki baş nazir Nikol Paşinyanı da təhqir edib.
“Bütün səhvlərimə görə qətiyyən başqalarını günahlandırmaq niyyətim yoxdur. Bəli, mənim hakimiyyətim dövründə çoxlu problemlər yaşanıb, haqsızlıq olub, korrupsiya yüksək səviyyəyə qalxıb. Eyni zamanda bizim adımızın arxasında gizlənərək, sərvət toplayanlara qarşı kifayət qədər sərt deyildim”.
S.Sarkisyan bildirib ki, özləri üçün sərvət toplayan məmurlar xalqla kifayət qədər açıq olmayıb, bir çox daxili problemlərə əhəmiyyət verməyiblər.
O qeyd edib ki, Respublika Partiyasının sıralarında etimada layiq olmayan insanlar olub. Hakimiyyət dəyişikliyindən sonra həmin şəxslər xəyanət edərək, partiyanı tərk ediblər:
Sarkisyan çıxışı zamanı hakimiyyət dəyişikliyini dəstəkləmiş, indi isə iqtidardan narazı olan əhali təbəqəsinə də müraciət edib.
"Səhvinizi mənə aid etməyin. Mən sizi bu macərada iştirak etməyə məcbur etməmişəm ki, sonra da gedib bütün sürüdən ən yaramaz eşşəyin alnından öpəsiniz. Məni ittiham etməyin ki, sanki hakimiyyəti ona verməyə razılaşmışam, onunla əməkdaşlıq edirmişəm kimi miflər uydurmayın”, - eks-prezident vurğulayıb.
Xatırladaq ki, Sarkisyan bir neçə günlük güclü etirazlardan sonra 2018-ci il aprelin 23-də baş nazir postundan istefa verib. Mayın 8-də etirazların lideri Nikol Paşinyan baş nazir seçilib.
Sarkisyan Qarabağdan da danışıb. Deyib ki, onun vaxtında Qarabağ münaqişəsilə bağlı diplomatik cəbhədə Ermənistan hakimiyyətinin dili uzun, mövqeləri güclü idi.
Serjik növbəti dəfə revanşist bəyanat verib. Bildirib ki, Qarabağ məsələsi erməni xalqının varlığının qorunması məsələsi olub və qalır.