Tarix : 2021 Dec 20
Kod 62047

Ermənistan müxalifəti Azərbaycanla dəmiryol razılaşmasından qorxur

Ermənistan müxalifəti öz ölkələrinə Azərbaycan vasitəsilə Rusiya və İrana, Azərbaycana isə Ermənistan vasitəsilə Naxçıvana gediş-gəliş imkanı verən dəmiryolu xəttinin çəkilməsindən narahatdır. Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə Brüssel görüşündə sözügedən dəmiryol xəttinin tikintisinə dair razılaşma əldə olunması haqda dediklərini müxalifət birmənalı qarşılamayıb.

Arannews -Bizimyol.info xəbər verir ki, parlamentdəki müxalifət təmsilçiləri də bununla bağlı narazılıqlarını dilə gətirib. “Şərəfim var” fraksiyasından olan deputat Tiqran Abraamyan deyir ki, Ermənistan hakimiyyəti dəmir yolunun işə salınmasını ümumi prosesdən qoparmaqla bunu Ermənistanın nailiyyəti kimi təqdim etməyə çalışır. Onun fikrincə, bu prosesdə Ermənistan üçün çoxsaylı təhlükələr var.
Ermənistan deputatı iddia edir ki, bu proses ilk növbədə Azərbaycanın marağındadır.
“Əgər bu dəhliz olsa, bu prosesin qalan başqa tərəfləri, hətta Ermənistan üçün sərfəli olsa belə, sıfırlanacaq”, - Abraamyan bildirib.
Müxalifətçi deputat əmindir ki, blokadanın aradan qaldırılması, kommunikasiyaların açılması müharibədən ziyan çəkmiş və hələ də özünə gəlməmiş Ermənistan üçün təhlükəlidir. Abraamyan düşünür ki, ölkəsinin daxili və xarici təhlükəsizliyini təmin etməli olan strukturlar istər prosesdən əvvəl, istərsə də sonra yarana biləcək böhran vəziyyətlərində mümkün təhlükələrin qarşısını almaq gücündə deyil: “Ermənistan elə bir prosesə daxil olub ki, onu idarə etmək gücündə deyil”.
Ermənistan deputatı bu layihənin ölkəsi üçün iqtisadi baxımdan səmərəli olacağına da şübhə ilə yanaşır.
Bu günlərdə Brüsseldə Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin iştirakıyla keçirilən görüşdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel deyib ki, razılaşdırılan dəmir yolu beynəlxalq arenada qəbul olunmuş sərhəd və gömrük qaydaları çərçivəsində, ölkələrin suverenliyi əsasında fəaliyyət göstərəcək.

  • Yazılıb
  • da (də) 2021 Dec 20
  • Göndərən جهان کمالی