Tarix : 2008 Jul 31
Kod 6206

SEÇKİYƏ GETMƏMƏK KİÇİK NƏFƏSLİYİ DƏ QAPAMAQ DEMƏKDİR

Son vaxtlara qədər qatı boykot əleyhdarı kimi çıxış edən bəzi Müsavat funksionerlərinin indi boykota meylləndiyi sezilir
Azerbaijan Servisi/Aran Agentliyi
Müsavat Partiyasının rəhbərliyinə daxil olan bir sıra şəxslərin mətbuata son açıqlamalarında onların prezident seçkiləri ilə bağlı əvvəlki mövqelərində dəyişikliyin olduğu duyulur. Son vaxtlara qədər qatı boykot əleyhdarı kimi çıxış edən bəzi Müsavat funksionerlərinin indi boykota meylləndiyi sezilir. Onlar ayrı-ayrı mətbuat orqanlarına açıqlamalarında sanki Müsavat Məclisinin boykot qərarı verməsinə zəmin hazırlayırmış kimi görünürlər.
Müsavat Məclisinin üzvü, politoloq Hikmət Hacızadə isə seçkidən imtina edilməsinə yönəlik çağırışların doğru olmadığı qənaətindədir. O, Müsavatın seçkidə iştirak etməsini vacib sayır: “Seçkidə iştirak etməyin əleyhinə olanlara sual vermək istəyirəm: seçkiyə getməyib nə əldə edəcəyik? Hamı başa düşməlidir ki, bu çətin vəziyyətdə seçki demokratik qüvvələrdən ötrü yeganə nəfəslikdir. Seçkiyə getməmək həmin kiçik nəfəsliyi də qapamaq deməkdir. Nə qədər ağır şərtlər altında olsa da seçkiyə gedib mübarizə aparmalıyıq, rayonlara gedib əhali ilə ünsiyyətdə olmalıyıq, namizədimiz seçkinin verdiyi imkanlardan yararlanıb xalqla görüşsün, televiziyaya çıxsın. Axı seçkini Azərbaycan iqtidarı düşünməyib. Seçki dünya demokratiyasının bizə təzyiqidir. Yoxsa dünya demokratiyası olmasaydı, monarxiya çoxdan yaradılar və özlərinə ömürlük bir kral seçib məsələni qurtarardılar. Ona görə də dünya demokratiyasının yardımından istifadə edib seçkiyə getmək lazımdır”.
H.Hacızadə hazırkı ağır şərtlərlə seçkidə iştirakın əleyhinə olanları da başa düşdüyünü deyir: “Məndə dəqiq statistika yoxdur ki, Məclisdə seçki məsələsinə münasibətdə nisbət necədir. Çətinlik ondan ibarətdir ki, seçkinin əsas yükü rayon təşkilatlarının üzərinə düşür. Ağırlıq rayonlarda olan Məclis üzvlərinin çiynindədir. Biz burada qərar qəbul edirik, amma, məsələn, imzaları rayonlardakı partiya fəallarımız toplayır, oradakı polislə, inzibati aparatla onlar üz-üzə qalır, onlar hədəfə çevrilir. Bu vəziyyəti dəqiq bildiyim üçün mən seçkidə iştirak etmək məsələsində tərəddüd edən rayon təşkilatları rəhbərlərini də başa düşürəm. Amma yenə də hamını seçkidə iştiraka çağırıram”.
  • Yazılıb
  • da (də) 2008 Jul 31