B.Samid. İranla böyük dövlətlərin nüvə sazişinin bərpası ilə bağlı danışıqların səkkizinci turu bu gün Vyanada başlayır.
Arannews- İran mətbuatına istinadla xəbər verir ki, ölkəni nüvə danışıqlarında təmsil edən nümayəndə heyətinin rəhbəri, baş müzakirəçi Əli Baqiri Vyanaya yola düşüb.
Məlumata görə danışıqların səkkizinci turu yeni ilin tətil günlərində də davam etdiriləcək.
Bəzi mənbələr bu turun danışıqların sonuncu mərhələsi ola biləcəyini deyiblər.
İran mətbuatının məlumatına görə ölkənin nümayəndə heyəti ilə ABŞ tərəfi arasında vasitə ilə sanksiyaların ləğv edilməsi ilə bağlı təkliflərin və mesajların mübadiləsi baş tutmaqdadır.
Qeyd edək ki, dünya ictimaiyyətinin 2015-ci ildə İranla əldə etdiyi nüvə sazişi ABŞ-ın 2018-ci ildə bu sazişdən birtərəfli şəkildə çıxması və Tehrana qarşı sərt sanksiyalara başlamasından sonra ləğv olmaq təhlükəsilə üzləşmişdi.