Azərbaycan Respublikasının prezident yeni il münasibətilə müraciətində bir çox məsələlərlə yanaşı ölkəsinin xarici siyasətindən danışıb.
Arannews :dövlət başçısı deyib: “İran və Gürcüstanla daim təmaslar əsnasında, fikir mübadiləsi əsnasında dostluq və tərəfdaşlıq əlaqələri daha da inkişaf etmişdir. Artıq regionda çoxtərəfli əməkdaşlıq platformu formalaşır və əlbəttə ki, bu, bizim maraqlarımıza cavab verir.”
Ermənistanla əlaqələrin normallaşmasına gəlincə prezident bildirib ki, nə vaxtsa Ermənistanla da qonşuluq əlaqələri qurulacaq. “Hər halda noyabr və dekabr aylarında Soçi və Brüssel şəhərlərində keçirilmiş görüşlər ümidvericidir və ümid edirəm ki, bu görüşlərdə əldə edilmiş razılaşmalar 2022-ci ildə real həyatda öz əksini tapacaqdır.”
İlham Əliyev sonra Rusiya ilə əlaqələrin inkişaf tempindən razılıq ifadə edib. “Rusiya ilə əlaqələrimiz uğurla inkişaf edir. Əminəm ki, növbəti dövrdə Rusiya ilə də bizim əlaqələrimiz daha yüksək səviyyəyə rəsmən qaldırılacaqdır”-, deyə Azərbaycan dövlət başçısı vurğulayıb.
Prezident müraciətinin davamında beynəlxalq təşkilatlar arasında İslam Əməkdaşlıq Təşkilatının Azərbaycana daha çox dəstək verdiyini xatırladıb və deyib: “İslam Əməkdaşlıq Təşkilatı ənənəvi olaraq Azərbaycanın haqlı mövqeyini dəstəkləyən beynəlxalq təşkilatdır. Bu il də bu dəstəyi biz hiss etmişik, müharibədən sonra müharibənin nəticələrinin qəbul etdirilməsi üçün İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətini mən yüksək qiymətləndirirəm.”
İlham Əliyev daha sonra iqtisadi göstəricilərə toxunaraq deyib: “Azərbaycan iqtisadiyyatı keçən ilin 11 ayında 5,3 faiz, qeyri-neft iqtisadiyyatı isə 6,4 faiz artıb. Sənaye istehsalı 5,5 faiz, qeyri-neft sektorunda sənaye 20,7 faiz artıb. Həmçinin ölkənin valyuta ehtiyatları 2,2 milyard dollar artıb və ticarət əlaqələrinin müsbət saldosu 9,4 milyard dollardır.
Azərbaycan Respublikasının prezidenti sonda 2022-ci ili "Şuşa ili" elan edib. “Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasını sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm”-, deyə Əliyev qeyd edib.