Tarix : 2022 Jan 07
Kod 62114

Pompeo: Məni və Trampı qoruyun, İranın təhdidi misilsizdir

Donald Trampın administrasiyasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri, sonra isə dövlət katibi olmuş Mayk Pompeo bu yaxınlarda verdiyi müsahibədə özünün və D. Trampın İran təhdidləri qarşısında qorunmasını istəyib.
AranNews - General Qasım Süleymaninin şəhadətinin ildönümü mərasimindən bir neçə saat sonra Qüds Qüvvələrinin sabiq komandirinin terror edilməsində iştirak edən yüksək rütbəli ABŞ rəsmisi özünün və keçmiş prezidentin təhlükəsizliyindən narahat olduğunu bildirib.
Mayk Pompeo “Fox News”a müsahibəsində Vaşinqtonun 3 yanvar 2020-ci ildə general Qasım Süleymaniyə qarşı terror aktından danışıb, Bayden administrasiyasını onu və (terror aktında əli olan) digər amerikalıları qorumağa çağırıb.
D. Tramp hökumətində çoxlu anti-İran və düşmənçilik hərəkətləri olmuş bu amerikalı siyasətçi müsahibəsində İran İslam Respublikası Prezidentinin çıxışına reaksiya verib.
İran Perzidenti Seyid İbrahim Rəisi bazar ertəsi günü İslam İnqilabı Keşikçilər Qvardiyasının (SEPAH) Qüds Qüvvələrinin sabiq komandiri general-leytenant Qasim Süleymaninin şəhadətinin ikinci ildönümü mərasimində Amerika rəsmilərinə səslənərək deyib: “Hacı Qasim Süleymani İraq Baş nazirinin rəsmi qonağı idi. Siz həm İraqın suverenliyini pozdunuz, həm də bir şəxsi deyil, bir milləti terror etdiniz. Bütün İslam ümməti üçün çox ağır və baha başa gələn bu dəhşətli cinayətin cavabı olaraq nə etmək lazımdır? Təcavüzkar, qatil və ABŞ-ın o zamankı prezidenti olmuş əsas cinayətkar mühakimə olunmalıdır, ondan qisas alınmalıdır və Allahın onun barəsindəki hökm icra edilməlidir.”
İran Prezidenti daha sonra deyib: “Tramp, Pompeo və digər cinayətkarlara qarşı ədalətli mühakimə mexanizmi yaradılsa və onlar törətdikləri bu dəhşətli cinayətə görə cəzalandırılsa, məqsəd hasil olar. Əks təqdirdə, şübhəniz olmasın ki, ümmət özü qisas alacaq.”
Amerika medialarının proqnozlarına görə 2024-cü il prezident seçkilərində Respublikaçılar Partiyasından mümkün namizədlərdən biri olacaq M. Pompeo “Fox News”-in tanınmış aparıcısı Sean Hannity ilə müsahibədə Tramp hökumətinin Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında şəhid Süleymani və yoldaşlarına qarşı terror hücumunun səbəbləri ilə bağlı əsassız iddiasını təkrarlayıb.
Amerikalı siyasətçi aparıcıya müraciət edərək deyib: “Təəssüf ki, dünyanın müxtəlif yerlərində (ABŞ-a qarşı) çoxlu təhdidlər var və təhdidlərin İrandan qaynaqlanması haqqında dedikləriniz düzdür. Bu təhdidlər misilsizdir. Sizin ölkəniz dünyada terrorizmin ən böyük dəstəkçisidir və çox qüdrətli, güclü ölkədir. Onlar dünyanın hər bir müsəlmanını prezident Trampı və mənı öldürməyə təhrik etmək istədiklərini deyirlər. Bu, misli görünməmiş işdir və doğrudan da, təhlükəsizlik riskidir.”
General şəhid Süleymaniyə qarşı ABŞ-ın terror hücumunu dəfələrlə müdafiə etmiş keçmiş dövlət katibi yenə də bu hücumu və onu həyata keçirmək üçün Trampa verdiyi məsləhətiləri müdafiə edib.
Pompeo deyib: “Keçmiş hökumətin (fəaliyyətinə) gəlincə, mən prezidentə verilən tövsiyələrlə bağlı heç bir dəyişiklik etməzdim. Çünki biz Birləşmiş Ştatları müdafiə edirdik və Amerika xalqını əmin-amanlıqda saxlayırdıq. Qasim Süleymani fəal şəkildə Amerika əleyhinə hərəkət edirdi və biz heç bir amerikalının ölmədiyinə əmin olmaq üçün qanuni hərbi tədbirlər gördük. Bu, yaxşı bir qərar idi.”
Pompeo müsahibəsinin davamında Bayden hökumətinə müraciət edərək deyib: “İndi də ABŞ-ın hazırkı siyasi rəhbərliyi hər bir amerikalını İran təhlükəsindən qorumaq öhdəliyi daşıyır. Prezident Rəisinin prezident Trampın və mənim mühakimə olunmağım haqqında danışdığını gördük. O, bildirdi ki, əgər bu mühakimə həyata keçirilməsə, bizi terror etsinlər. Həqiqətən və dərindən (bu təhdid) misilsizdir. Siyasi rəhbərlik komandası (Co Bayden) həqiqətən (Tramp və məni qorumaq üçün) məsuliyyət daşıyır.”
Respublikaçı “Fox News” telekanalının aparıcısı bu müsahibənin davamında Co Baydenin fəaliyyətini və onun hökumətinin xarici mövqelərini sərt şəkildə tənqid edib, Rusiya və Çinin xarici siyasəti ilə bağlı, xüsusən də Ukrayna və Tayvan məsələlərində kəskin ittihamlar səsləndirib.
S. Hannity M. Pompeo ilə müsahibədə Pekin Qış Olimpiya Oyunlarından sonra Çinin Tayvanı ilhaq etmək üçün adaya hərbi hücuma keçəcəyini iddia edib və sabiq dövlət katibindən soruşub: “Cənab dövlət katib, mən səhv edirəm?”
Pompeo isə bu sualın cavabında deyib: “Sean! Məncə, bu mümkündür. Bütün bunlar bir-biri ilə əlaqəli hadisələrdir. Bunlar bu hökumətin (Bayden hökuməti) mərkəzi ideyası ilə bağlıdır. (Bayden hökuməti) Amerikanın təhlükəsizliyi üçün ən vacib olan məsələləri müdafiə etməyə hazır olmayan bir hökumətdir... Biz bunu dörd il ərzində “öncə Amerika” siyasəti ilə göstərdik. Biz çinlilərə açıq şəkildə bildirdik ki, (Tayvana hücum etsəniz) ağır bədəl ödəyəcəksiniz. Mənə elə gəlir ki, (əgər Tramp hökuməti olsaydı) Vladimir Putin indi etdiyi hərəkəti edə bilməzdi; Avropaya və Qərbə qarşı hədə-qorxu və təzyiq, qoşunların Ukrayna sərhədi boyunca yerləşdirilməsi və s. Ümid edirəm ki, prezident Bayden Amerikanın maraqlarını hər yerdə qorumağa sadiqdir. Amma düşünürəm ki, dünya liderləri belə düşünmürlər. Onlar Əfqanıstan hadisələrini gördülər. Ümid edirəm ki, Bayden administrasiyası dörd il ərzində (Trampın prezidentliyi dövründə) yaratdığımız çəkindiriciliyi bərpa edəcək.”
Keçmiş dövlət katibi və ABŞ Nümayəndələr Palatasının keçmiş üzvü müsahibəni davam etdirərək, İranın nüvə proqramının mahiyyəti ilə bağlı “Fox News” telekanalının aparıcısının son dərəcə anti-İran və əsassız sualını cavablandırıb və Vyana danışıqlarına toxunub.
Pompeo deyib: “Amerika nə qədər zəif olsa, onun bir o qədər güzəştə getdiyini görəcəyik. Bizim indi burada danışdığımız vaxt (Bayden hökuməti) mənasız nüvə razılaşmasına qayıtmaq məqsədilə iranlılarla danışıqlar aparmaq üçün Vyana müzakirə masasına getmişdir.”
Sionist rejiminin müxtəlif rəsmiləri ilə çox yaxın əlaqələri olan və Tramp hökumətinin sona çatmasından sonra da işğal olunmuş Fələstinə səfər etmiş Pompeo Vyanada aparılan nüvə danışıqları ilə bağlı Təl-Əvivin mövqeyi barədə fikir bildirərək deyib: “Sizi əmin edirəm ki, israillilər bu məsələdən (nüvə sazişini dirçəltmək məqsədi daşıyan Vyana danışıqları) narahatdırlar. İranın nüvə silahı əldə etməsinə gəlincə, onlar bilirlər ki, zəiflik İsrail üçün real təhlükə olacaq və siz Holokostun şahidi ola bilərsiniz... Venesuela və Kuba qarşısında bu mövzunu unutmaq olmaz, Çin, İran və Rusiyanı da bu tərkibə əlavə etməliyik. Çünki biz öz yarımkürəmizdə təhlükələrin şahidi oluruq. Biz Tramp administrasiyasının ABŞ-ı qorumaq üçün etdiklərini etməliyik. Ümid edirəm ki, bu hökumət (Co Bayden hökuməti) əsl qətiyyət və bacarıq nümayiş etdirməyə başlayacaq.”

 
  • Yazılıb
  • da (də) 2022 Jan 07
  • Göndərən جهان کمالی