Qazaxıstanda 2022-ci ilin ilk günlərindən başlanan kütləvi etirazlar sonra Mangistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri mayeləşdirilmiş qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, daha sonra etirazlar digər şəhərlərə də yayılıb.
Arannews :Qazaxıstanda iki həftəlik fövqəladə vəziyyət rejimi tətbiq edilib. Prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik edən ilk dövlət başçısı Nursultan Nazarbayevi bu vəzifədən kənarlaşdırıb.
Tokayev “terror təhlükəsinin aradan qaldırılmasında” kömək üçün KTMT-yə müraciət edib. Həmin gecə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.
Qazaxıstan parlamentində təmsil edilən rus deputatların ölkənin Rusiyaya birləşdirilməsilə bağlı təkliflər səsləndirdikləri bildirilir.
Milli Məclisin deputatı Razi Nurullayev açıqlamasında bildirib ki, Qazaxıstanın xarici siyasəti xarici qüvvələr tərəfindən ciddi təhdid altındadır:
“Qazaxıstanın bəzi siyasətçiləri fikirlər səsləndirə bilər ki, Qazaxıstan Rusiyaya birləşdirilsin. Amma reallıqda belə bir şey mümkün deyil. Birincisi ona görə ki, Qazaxıstan müstəqilliyini əldə etmiş ölkədir. Rusiya ilə bir qrup birliyi içərisində onsuz da əməkdaşlıq edir. Belə demək olar ki, Qazaxıstan və Rusiyanin daxili və xarici siyasətində heç bir problem yoxdur. Amma Qazaxıstanın xarici siyasəti xarici qüvvələr tərəfindən çox ciddi təhdid altındadır. Onun üçün Qazaxıstan dövlətini qorumaq üçün xalq birləşməlidir. Əslində bu gün KTMT-yə üzvdür və müraciətlə artıq sülhməramlılar Qazaxıstandadır. Amma buna ehtiyac vardımı, bunu araşdırmaq lazımdır. Ümumilikdə, Qazaxıstan Türk Dövlətləri Təşkilatının üzvüdür. Qazaxıstanın bu ölkələr qarşısında ciddi öhdəlikləri var. Qazax xalqı SSRİ-nin yenidən bərpa olunmasını istəməz. Əlbəttə ki, Rusiya belə bir şeyi yenidən istəyir və bunun üçün çalışır. Reallıqda isə belə bir şey mümkün deyil. Bəzi siyasətçilər və insanlar bundan istifadə edirlər”.
Deputat Aydın Mirzəzadə qeyd edib ki, yaxın zamanda qardaş ölkənin başından qara dumanlar qalxacaq:
“Qazaxıstana dost və qardaş ölkə kimi orada olan hadisələrə təəssüf hissi keçiririk. Qardaş ölkədə olanları diqqətlə izləyirik və narahatıq. Bununla belə inanırıq ki, belə bir çətin vəziyyətdən Qazaxıstan cəmiyyəti çıxış yolunu tapa biləcək”.
Deputat Vüqar İskəndərov da yaxın zamanda hadisələrin bitəcəyinə ümid edir:
“Qazaxıstanda baş verən son hadisələr qardaş olan dövlətin nümayəndəsi kimi bizi çox üzür. Tezliklə bütün məsələlərin həll olunmasını arzu edirik. Hazırda KTMT sülhməramlıları ölkəyə daxil olub. Biz hələ də xəbərlər alırıq ki, ölkənin bəzi yerlərində kiçik qruplar hələ də qalıb. Mən ümid edirəm ki, bu gün ərzində qardaş ölkə sabitliyini bərpa edə biləcək. Əsas məsələ burada sosial çağırışların siyasi çağırışlarla əvəzlənməsi ilə bağlıdır. Bir müddət sonra artıq iğtişaşlara çevirildi. Burada məsələlər hələlik kənar qüvvələr tərəfindən idarə olunur. Çünki silahların alınması və s. əvvələcədən hazırlanmış ssenari kimi görünür. Ona görə də burada hansısa dövlətlərin və qurumların maraqları var deyə bilərik. Dünyanın ən zəngin dövlətlərindən olan türk qardaşlarımız müstəqillik qazandıqdan sonra tarixinin ən ağır günlərini yaşayır. Ümid edirik ki, xalq və dövlət üçün çətin olan günlər yaxın zamanda öz həllini tapacaq”.