Son günlər Rusiya sülhməramlılarının nəzarət bölgəsində separatçıların təxribat xarakterli fəallığı artıb. Onlar Qarabağa müvəqqəti yerləşdirilmiş rusiyalı hərbçilərin ətəkləri altından müxtəlif tərxibatlara əl atırlar. Bundan başqa, Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl “Vahid Rusiya” partiyasının sədrinə qanunsuz səfərlərlə bağlı etiraz məktubu göndərmişdi. Bunun nəticəsində Qarabağdakı sülhməramlılara yeni komandan təyin olundu. Andrey Volkov Gennadi Anaşkinin yerinə gətirildi. Eyni zamanda regionda bir sıra əhəmiyyətli hadisələr də baş verdi.
Arannews :Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Publika.az-a müsahibəsində baş verənlərin pərdəarxası məqamlarına toxunub.
- Tofiq müəllim, Prezident İlham Əliyevin Dmitri Medvedevə etiraz notasından sonra Qarabağda müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlıların komandanı dəyişdirildi. Sizcə, Moskva niyə Anaşkini Volkovla əvəzlədi?
- Düşünürəm ki, Qarabağda sülhməramlıların komandanının dəyişdirilməsi Bakının Moskvaya son etirazından sonrakı proseslərlə bağlıdır. Gəlin, açıq danışaq, Azərbaycan bu məsələdə söz sahibidir. İcazəsiz səfərlər olurdu, kimlərsə gəlib-gedirdi. Bəzən sülhməramlıların nəzarət bölgəsində hansısa ermənipərəst addımların atılması Azərbaycanın siyasi narazılığına səbəb olur. Bu da təbiidir. Biz görürük ki, Qarabağda sülhməramlıların nəzarətində olan ərazilərdə baş verənlərlə bağlı bütün məsuliyyət onların komandanına aiddir. Bizim tələbimiz odur ki, digər iş üslubu tətbiq edilsin. Hesab edirəm ki, Qarabağda sülhməramlıların komandanını dəyişməklə bu məsələ yenə də həll olunmayacaq. Çünki bizim əsas məqsədimiz ondan ibarətdir ki, orada Azərbaycanın sərhəd məntəqəsi fəaliyyətə başlasın. Artıq təhlükəsizliklə bağlı məsələlər öz həllini tapıb. Biz görürük ki, rusiyalı sülhməramlılar əhalinin təhlükəsizliyini təmin edirlər. Bu baxımdan sərhəd məsələləri, giriş-çıxış funksiyası və ya iqtisadi mühitin qorunması funksiyasını sülhməramlılar yox, Azərbaycanın müvafiq qurumları həyata keçirməlidir. Hesab edirəm ki, artıq bu məsələ yenidən aktuallaşıb. Ona görə də düşünürəm ki, Qarabağdakı sülhməramlıların komandanının dəyişməsi ilə Rusiya sonuncu dəfə söz verir ki, bütün bu məsələlər düzələcək.
- Qazaxıstanda baş verən hadisələr fonunda Prezident Kasım-Jomart Tokayev bildirdi ki, sülhməramlılar orada da missiyalarını başa vurmaqdadır və bir neçə gün sonra gedəcəklər. Qardaş ölkədə bundan sonrakı proseslər hansı fonda cərəyan edəcək?
- Mən əvvəllər də bildirmişəm ki, Qazaxıstanda baş verənlər bir növ xaricdə olan hansısa qüvvələrin fəaliyyəti nəticəsində reallaşıb. Bəyanatlar verilirdi ki, guya 20 minlik “boyoviklər”, yaraqlılar Qazaxıstana gəlib, amma onlardan ölənlər də tapılmadı. Bunu bir çoxları müşahidə etdi. Bütün bunlar onu göstərirdi ki, bu cür fikirlər hansısa doğru vəziyyəti yox, təbliğatı sərgiləyir. Qazaxıstanda baş verənlər ilk növbədə Çin faktoru ilə bağlıdır. Çünki ABŞ-la Çin arasında gərginlik artır. Açıq şəkildə bəyan olunub ki, Çin Amerika Birləşmiş Ştatlarının rəqibidir. Bu baxımdan Rusiyanın mövqeyi çox vacibdir. Nəzərə alaq ki, hərbi imkanlarına görə Rusiya dünyada ikinci ölkədir. Bu mənada Moskvanın da mövqeyindən çox şey asılıdır. Yəni, Rusiya kimin tərəfində olacaq; Çinin, Birləşmiş Ştatların, yoxsa Kreml bu məsələlərdə neytral qalacaq?! Rusiya bunu hiss etdikdə bir sıra mövzuları ortaya, gündəmə gətirir. O cümlədən, Cenevrədə təhlükəsizlik məsələləri müzakirə olunur. Bu yaxınlarda həllini tapmış “Şimal axını” layihəsinə baxaq. Biz görürük ki, sanki Qərb bu məsələdə Rusiyaya güzəştə gedib. Bəyanatlar kəskin olsa da, real addımlar fərqlidir. Eyni zamanda, Çinin qərbində Sincan-Uyğur Muxtar Rayonu yerləşir.
- Uyğurlarla bağlı məsələ indiki məqamda kim üçün daha həssasdır?
- Təbii ki, bu da Çin üçün çox həssas məqamdır. Bilirik ki, Qazaxıstan Çinin həmin qərb bölgəsi ilə həmsərhəddir. Bu baxımdan regionda hansısa böyük oyunlar, hadisələr gedir. Nazarbayev və onun tərəfdaşları ilə bağlı fikirlər səsləndirilsə də, biz görürük ki, əməldə, ortada bu məqamlarla bağlı heç nə yoxdur. Bunu hamı hiss etdi. Ona görə də ortaya digər mövzular da atılır. Guya Sovet İttifaqı bərpa olunur. Bu da həqiqətəuyğun deyil. Amma Birləşmiş Ştatlarla Rusiya arasında hansısa mövzularda siyasi alver gedir. Bunu açıq şəkildə hiss etmək mümkündür.
- Orta Asiya regionunda baş verənlərlə bağlı Türk Dövlətləri Təşkilatının bundan sonrakı mövqeyi necə olacaq?
- Bilirsiniz, bizim üçün əsas təhlükə əvvəlki dövrlərdə Qarabağla bağlı idi. Biz gördük ki, dünyanın əsas oyunçuları Azərbaycanın gündəmini qəbul etdilər. Yəni, artıq “status” barəsində hər hansı fikirlər eşitmirik. Bu baxımdan hiss olunur ki, Azərbaycan-Türkiyə birliyi, o cümlədən Rusiya-Türkiyə tandemi Qarabağla bağlı hazırkı vəziyyəti təsdiqlədib. Hiss olunur ki, artıq bir çox oyunçular bu fikirləri qəbul ediblər. Fransanın mövqeyi istisna olmaqla, sanki Qərb bu nüanslara bitmiş məsələ kimi baxır. Yəni, Azərbaycanla bağlı bu təhlükə artıq öz əhəmiyyətini itirib. O ki qaldı Turan proseslərinə, bilirsiniz, indiki mərhələdə Azərbaycan-Türkiyə birliyi mövcud prosesin əsas elementidir. Orta Asiya ölkələrində bu proses hələ yeni başlayır. Bəlkə də Qazaxıstandakı axırıncı hadisələrdən sonra orada Turan ideologiyasının güclənməsi gözlənilən olacaq. Hətta Özbəkistanda da. Yəni, həmin proseslər hələ də gələcəklə bağlıdır, çünki yetərincə formalaşmayıb.