Artıq Naxçıvan sakinləri bir ay ərzində cəmi iki dəfə Türkiyəyə gedə bilərlər. Yəni 15 gündən bir. Baxmayaraq ki, Azərbaycan və Türkiyə dövlətləri arasında razılaşmaya əsasən, bu və ya buna bənzər məhdudiyyətlər nəzərdə tutulmur.
Arannews -Millitv.az-ın məlumatına görə, yerli sakinlər "Gündəlik Naxçıvan"a deyir ki, bundan əlavə gətirilən mallara da məhdudiyyət tətbiq edilir.
Sədərək rayon sakini Bahadur Əliyev deyir ki, ucuzluq olduğundan, hər həftə gedib, İqdır şəhərində alış-veriş edib gəlirmiş. Qadağa tətbiq olunandan sonra isə, bu fürsət əlindən çıxıb: "Meyvə, tərəvəz, toyuq və.s Naxçıvandan 4-5 dəfə ucuz qiymətədir Türkiyədə. Özləri gətirib bazarda od qiymətinə sata bilərlər. Başqa heç kimin ixtiyarı yoxdur. Bizim kimi kasıblar üçün ümid yeri idi ki, həftədə bir dəfə gedib, alıb gətirək, uşaqlarımız meyvə, ət üzü görsün. Onu da əlimizdən aldılar. Özləri üçün bu qadağa yoxdur. Tonlarla vurub gətirib, bazarda od qiymətinə satırlar. Məcbur edirlər ki, gedib onlardan alaq. Türkiyə tərəfi bizə heç bir qadağa tətbiq etməyib. İstəsən, hər gün iki dəfə gedib-gələ bilərsən. Bizimkilər qoymur".
Lirə dəyər itirdikdən sonra Türkiyədə cehizlik malların da qiyməti manata nisbətdə xeyli aşağı düşüb. Elə son vaxtlar Türkiyəyə gedənlərin çoxu qız toyuna hazırlaşan valideynlərdir. Lakin çəkiyə tətbiq olunan məhdudiyyət onların da sevincini gözündə qoyub.
Bu yaxınlarda qızının toyu olacaq Şahbuz rayon sakini Qulu Babayev deyir ki, Türkiyədən alıb, gətirdiyi malın yalnız 30 kilosunu gömrükdən keçirə bilib: "Lirə təzə düşəndə, qonşum gedib qızı üçün cehizliyi Türkiyədən almışdı. Hesabladıq, Naxçıvanla müqayisədə 5-6 dəfə ucuz düşürdü. Sevindik ki, biz də gedək ordan alaq. Getdib yataq dəstindən tutmuş, cehizlik üçün lazım olan bir çox şeylər aldıq. Qayıdanda Sədərək gömrüyündə dedilər ki, dünəndən qayda dəyişib, ancaq 30 kilo buraxa bilərik. Mənim aldıqlarım isə bundan 3-4 dəfə çox idi. 30 kiloda yuxarıya elə bir rüsum dedi ki, aldıqlarım Naxçıvandakından da baha düşdü. Məcbur qalıb o pulu ödədim. Çünki Türkiyəyə qaytarmaq imkanım da yox idi".
Məsələni aydınlaşdırmaq üçün Sədərək Gömrük İdarəsi ilə əlaqə saxladıq.
İdarənin baş inspektoru Ramazan Ağayev sakinlərin şikayətlərindən xəbərsiz olduqlarını bildirdi. O, sorğumuzu Naxçıvan Gömrük İdarəsinə yönləndirdi.
Naxçıvan Şəhər Gömrük İdarəsindən isə bildirilib ki, sərnişinlərin gediş-gəlişinə sərhədd xidməti nəzarət edir.
Yuxarı rüsum tətbiq olunmasına gəldikdə, qurum rəsmisi bu iddianı təkzib edir: "Şikayəti olan vətəndaşları Naxçıvan Şəhər Gömrük İdarəsinə müraciət etsinlər".
Sərhəd Xidməti ilə əlaqə saxlamaq mümkün olmadı.