2021-ci ildə Azərbaycan-İran münasibətlərində müəyyən anlaşılmazlıqlar olsa da, bu arzuolunmaz hal uzun sürməyib və hazırda əlaqələrin daha da inkişafının şahidiyik.
Arannews :Azərbaycan və İran rəhbərliyinin iradəsi ilə anlaşılmazlıqlar qısa zamanda aradan qaldırılıb. O vaxtdan iki ölkənin XİN başçıları Hüseyn Əmir-Abdullahiyan ilə Ceyhun Bayramov arasında beynəlxalq tədbirlər çərçivəsində bir neçə təkbətək görüş keçirilib, eləcə də onlar bir neçə dəfə telefon danışığı aparıblar. Nəticədə Bakı ilə Tehran bir sıra məsələlərdə mövqelərini koordinasiya edə bilib.
Bu səylərin məntiqi nəticəsi kimi, Aşqabadda İran və Azərbaycan prezidentləri arasında görüş olub. Onlar İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Toplantısı çərçivəsində bir araya gəliblər. Ekspertlərin fikrincə, bu, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin inkişafında dönüş nöqtəsi və yeni mərhələnin başlanğıcı olub.
“Bizim Azərbaycan Respublikası ilə münasibətlərimiz təkcə qonşuluq münasibətləri deyil. O, qəlblərin əlaqəsidir, iki xalqın qəlbi birlikdə döyünür”, - deyə o zaman İran prezidenti bildirmişdi.
Rəisi Tehranın Qarabağ problemi ilə bağlı mövqeyini də dilə gətirərək deyib ki, İranın bu məsələdə mövqeyi aydın və birmənalıdır. İslam İnqilabının ali rəhbərindən tutmuş, İranın bütün dövlət strukturlarının rəsmilərinədək ümumi mövqe ondan ibarət idi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü pozulmamalıdır.
Həmin vaxt prezidentlərin iştirakı ilə Türkmənistan təbii qazının İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına nəqlinə dair sənəd də imzalanıb.
İran-Azərbaycan münasibətlərində ötən ilin mühüm hadisələrindən biri də İranın xarici işlər nazirinin dekabrın 22-də Bakıya etdiyi səfərdir. Naziri Bakıda prezident İlham Əliyev də qəbul edib, bu səfərin iki ölkənin yeni il üçün birgə fəaliyyət planını nəzərdən keçirməsi baxımından mühüm səfər adlandırıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə ötən ilin siyasi yekunlarına dair bu yaxınlarda keçirdiyi mətbuat konfransında Azərbaycan-İran münasibətlərində yaranmış gərginliyin arxada qaldığını söyləyib. O, bildirib ki, İran xarici işlər nazirinin Bakıya səfəri zamanı tərəflər arasında ən azı altı ayda bir dəfə siyasi məsləhətləşmələrin keçirilməsi, eləcə də iki ölkənin Xarici İşlər Nazirliyinin sözçüləri arasında əlaqənin yaradılması razılaşdırılıb.
Beləliklə də 2021-ci ildə Tehran-Bakı əlaqələrində yeni mərhələnin başlandığını söyləmək mümkündür.