İran Astarasında dəmiryol terminalının tikintisinin sürətləndirilməsi diqqət mərkəzindədir.
Arannews -Bunu Trend-ə açıqlamasında İranın Yol və Nəqliyyat Təşkilatının beynəlxalq tranzit və nəqliyyat idarəsinin baş direktoru Cavad Hedayəti deyib.
Qeyd edək ki, Astara terminalı, İranın Astara şəhərində 35 hektar ərazidə, Azərbaycan-İran sərhədindən 1,4 km aralıqda yerləşir.
Azərbaycan və İran Hökumətlərarası razılaşmasına əsasən 2017-ci ildə terminalın inşasına start verilib. Tikintisi “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılan Astara terminalı 25 il müddətinə Azərbaycana icarəyə verilib. Astara terminallar modulunun inşaat işlərinin davam etməsinə baxmayaraq, artıq terminalın bir neçə modulu hazırdır və 2018-ci ilin əvvəlindən burada yükaşırma əməliyyatları həyata keçirilir.
C.Hedayətinin sözlərinə görə, bu terminalın tam istifadəyə verilməsi üçün tikintinin sürətləndirilməsi ilə əlaqədar məsləhətləşmələr aparılır: "Bu ilin mart ayında keçirilməsi nəzərdə tutulan Azərbaycan-İran Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında dəmiryol terminalı ilə əlaqədar yekun qərarın veriləcəyi gözlənilir", - baş direktor deyib.
İranlı rəsmi bildirib ki, bununla yanaşı İran və Azərbaycan tranzitin həcminin artırılmasını da diqqət mərkəzində saxlayır:
“Astaraçay üzərində yeni körpünün tikilməsi ilə bağlı məsələlər İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin Azərbayana səfəri çərçivəsində nəzərdə tutulan əsas məqsədlərdən biri idi. Səfər çərçivəsində bununla əlaqədar protokol imzalandı və körpünün təməli qoyuldu. Bu körpü İranın Avrasiya İqtisadi İttifaqına üzv ölkələrə məhsul ixracının artmasına köməklik göstərəcək. Yeni körpünün inşa olunması ilə artıq yük maşınları İranın Astara şəhərinə daxil olmayacaq”, - deyə o bildirib.
Qeyd edək ki, yanvarın 25-də Azərbaycan və İran sərhədində Astaraçay üzərində yeni körpünün təməli qoyulub. 89 metr uzunluğunda, 30 metr enində olacaq körpünün tikintisinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.