Rusiya Prezidenti Vladimir Putin ABŞ və NATO-nu Rusiyanın fundamental təhlükəsizlik narahatlıqlarına məhəl qoymamaqda ittiham edib.
Arannews : Dövlət başçısı bu barədə Macarıstanın Baş naziri Viktor Orbanla danışıqların yekunlarından sonra deyib.
“Yanvarın 26-da ABŞ və NATO-dan alınan yazılı cavabları diqqətlə təhlil edirik”, – Rusiya Prezidenti deyib.
Putinin sözlərinə görə, Rusiyanın fundamental narahatlıqlarına məhəl qoyulmadığı artıq aydındır.
Rusiya Prezidenti əlavə edib ki, Moskva onun üç əsas tələbinin adekvat nəzərə alındığını görmür. Söhbət NATO-nun genişlənməsinin qarşısını almaqdan, Rusiya yaxınlığında zərbə silahı sistemlərinin yerləşdirilməsindən imtinadan, həmçinin Şimali Atlantika Alyansının Avropadakı hərbi infrastrukturunun 1997-ci il vəziyyətinə qaytarılmasından gedir.
O, Ukraynanın ABŞ-ın təhlükəsizlikdən daha çox Rusiyanı cilovlamaq, Moskvanı silahlı münaqişəyə cəlb edərək məqsədlərinə çatmaq üçün bir alət olduğunu da iddia edib.
“Bizə deyirlər ki, bəli, hər bir ölkənin öz təhlükəsizlik sistemini seçmək hüququ var. Biz bununla razıyıq. Amma mənə elə gəlir ki, həmin ABŞ Ukraynanın təhlükəsizliyinə o qədər də əhəmiyyət vermir – baxmayaraq ki, bəlkə də, onlar bu barədə düşünür, amma hardasa bəzən ikinci planda. Onların əsas vəzifəsi Rusiyanın inkişafını cilovlamaqdır. Məsələ budur. Bu mənada Ukraynanın özü bu məqsədə çatmaq üçün sadəcə bir alətdir. Bu, müxtəlif yollarla edilə bilər. Bizi hansısa silahlı münaqişəyə çəkməklə… Avropadakı müttəfiqlərini bizə qarşı ABŞ-da danışılan çox sərt sanksiyaları tətbiq etməyə məcbur etməklə…Ya da Ukraynanı NATO-ya daxil edib, orada zərbə silah sistemləri qurub hansısa benderçiləri Donbas və ya Krım məsələsini silah gücü ilə həll etməyə ilhamlandırmaqla… Bu halda yenə də bizi silahlı münaqişəyə sürükləyirlər”, deyə Rusiya Prezidenti vurğulayıb.