Arannews :Azadlıq Radiosunun Erməni xidməti Azatutyun yazır ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan özünün son müsahibəsində bəyan edib.
O deyib ki, dağıdıcı müharibəyə, kapitulyasiyaya baxmayaraq bunun üçün hələ imkanlar var.
O imkanların nədən ibarət olduğunun detallarına varmayıb: “Məyusluq atmosferi hökm sürür. Və bunların (mən Azərbaycanın mövcud hakimiyyətini nəzərdə tuturam) Dağlıq Qarabağ probleminin artıq həll olunduğuna dair bəyanatları hansısa bir şəkildə adamlara təsir edib. Mən gəlmişəm bir də deyim ki, Artsax (Qarabağ-red) heç vaxt Azərbaycanın tərkibində olmayacaq və bunun üçün dağıdıcı müharibəyə və təslimə baxmayaraq hələ imkanlar var”.
Azatutyun bildirir ki, saatyarım davam edən müsahibədə Sarkisyan danışıqlar prosesinin bərpa olunmasını necə təsəvvür etdiyi barədə suala cavab verməyib.
O sadəcə olaraq deyib ki, “bunun üçün imkan var” və hazırkı hakimiyyətdən bu yolla getməyi tələb etmək lazımdır: “Biz həqiqətən də yalnız sözdə yox, ciddi tələblər irəli sürməliyik. Və əgər biz bu tələbləri yaxşı təsəvvür edə bilsək, düşünürən ki, hansısa müddətdən sonra, hansısa bir dərəcədə danışıqlar prosesi bərpa olunar”.
Amma Sarkisyan vurğulayıb ki, Paşinyanın administrasiyası buna qadir deyil.
Azatutyun yazır ki, Sarkisyanın keçmiş hakim Respublika Partiyasından millət vəkili Ayk Mamicanyan Paşinyan admınıstrasiyasının səmərəli danışıqlar aparmağa qadir olmadığı fikri ilə razılaşdığını deyib.
Millət vəkili, o “Respublika Partiyasını indiki administrasiyasının yerində görürmü” sualına cavabında deyib ki, Serj Sarkisyan bundan əvvəl verdiyi bəyanatlarda yüksək dövlət postlarına təmənnalı olmadığını açıq bildirib: “Amma Qarabağ prezident Sarkisyan üçün həyati məsələ olduğuna görə və həm də Qarabağ münaqişəsinin ermənilərin xeyrinə həll olunması naminə, Sarkisyan və Respublika Partiyası Ermənistanı Nikol Paşinyan damğasından xilas etmək üçün mümkün olan hər şeyi edəcəklər”.
Mamicanyan deyib ki, Respublika Partiyasının bir nömrəli vəzifəsi indiki hökuməti hakimiyyətdən salmaqdır.
Deputat qeyd edib ki, bunun naminə hazırda “real müxalif siyasi qüvvələrlə” danışıqlar aparılır.
Millət vəkili söhbətin hansı siyasi qüvvələrdən getdiyini konkretləşdirməyib.
Əslən qarabağlı olan Serj Sarkisyan hakimiyyətdən 2018-ci ilin “məxməri inqilabı” nəticəsində getməli olub.
Paşinyanın “Qarabağ Azərbaycanın tərkibində olmamaq üçün bütün praktik və nəzəri imkanlarını itirib” bəyanatına toxunarkən, Sarkisyan 2016-cı ilin dördgünlük müharibəsindən söz açıb.
O deyib ki, 2016-cı ilin aprel müharibəsindən sonra Ermənistan tərəfinə təzyiq göstərən yox idi.
O etiraf edib ki, “bəli həmsədrlər yeni təkliflər vermişdilər”, amma onun sözlərinə görə “erməni tərəfinin qırmızı xətləri” keçilməmişdi: “Xatlırladıram ki, bu qırmızı xətlər Dağlıq Qarabağın öz müqəddaratını təyin etməsi, ikincisi, Ermənistanla Dağlıq Qarabağ arasında quru yolunun olması və Dağlıq Qarabağ hökumətinin beynəlxalq icma tərəfindən qanuni şəkildə seçilmiş hakimiyyət kimi tanınması idi”.
Sarkisyan müsahibədə həmsədrlərin “Qarabağ muxtar vilayətinə” status təklif etdiklərini deyib , amma təklifin konkret hansı statusdan getdiyini açıqlamayıb: “Təklif aydın verilmişdi: problem kompromislər əsasında həll olunmalı, Dağlıq Qarabağ muxtar vilayəti status almalı idi. O Azərbaycanın tərkibində ola bilməzdi… Daha doğrusu bağışlayın, mən demirəm ki, onlar lap elə “ola bilməz” demişdilər. Mən ehtimal edirəm ki, referendum keçirilsə, aydın idi ki, qərar necə olacaq”.
Azatutyun yazır ki, hakim partiyanın nümayəndələri Sarkisyanın ittihamlarına cavab verməkdən imtina ediblər, bunu məqsədəuyğun hesab etmədiklərini deyiblər.