NATO Gürcüstanla yaxın və uzunmüddətli tərəfdaş kimi sıx siyasi dialoqu davam etdirir - Baş katibin xüsusi nümayəndəsi
Arannews :Bunu Trend-ə NATO-nun baş katibinin Cənubi Qafaqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina deyib.
Onun sözlərinə görə, tərəflərin praktiki əməkdaşlığına Gürcüstanın müdafiə qabiliyyətini gücləndirmək və Alyansla qarşılıqlı fəaliyyətdə olmaq məqsədilə NATO komandanlıq strukturu ilə birgə iş daxildir.
"İllər keçdikcə daha da möhkəmlənən bu əməkdaşlıq sayəsində Gürcüstanın müdafiə qüvvələri əvvəlkindən daha döyüş qabiliyyətli və NATO ilə uyğun olub", - deyə X.Kolomina bildirib.
Xüsusi nümayəndə qeyd edib ki, Birgə Qüvvələrin Təlim Mərkəzi (JFTC) 2016-cı ildən NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinə (JTEC) dəstək verir.
"Birgə Mərkəz Gürcüstanın müdafiə qabiliyyətinin qiymətləndirilməsini, ölkənin müdafiə qüvvələrinin NATO ilə uyğunluğunu təmin edir, regional və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir. Beləliklə, NATO-nun Birgə Qüvvələrinin Təlim Mərkəzi Quru Qoşunlarının Qərargahı ilə birlikdə NATO-Gürcüstan təlimlərinin hazırlanması və keçirilməsində Birgə Mərkəzə dəstək verir", - deyə, o bildirib.
X.Kolomina əlavə edib ki, 2022-ci ilin martına planlaşdırılan NATO-Gürcüstan birgə təlimi Gürcüstanın müdafiə qüvvələrinin komandanlıq və idarə imkanlarını və digər NATO və tərəfdaş ölkələrin qüvvələri ilə effektiv fəaliyyət göstərmə qabiliyyətini daha da inkişaf etdirəcək.
"Təlimlər həm də beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları da daxil olmaqla, bir sıra mülki və hərbi subyektlərlə əməkdaşlığa əsaslanan kompleksli yanaşma vasitəsilə Gürcüstanın müdafiə qüvvələrinin böhran vəziyyətlərinin idarə edilməsi üzrə tapşırıqları yerinə yetirmək qabiliyyətini yoxlamaq və möhkəmləndirmək üzrə platformanı təmin edəcək", - deyə X.Kolomina bildirib.
2022-ci ilin martına planlaşdırılan NATO-Gürcüstan təlimindən danışan X.Kolomina əlavə edib ki, alyans bu il başqa təlim keçirməyi planlaşdırmır.