Tarix : 2022 Feb 08
Kod 62236

Azərbaycan 8 hərbçini qaytardı – Ermənistan yenə öhdəliyindən qaçır?

Azərbaycan Respublikası humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.

Arannews : Azərbaycanın bu humanist addımı ötən həftə Fransa Prezidenti Emmanuel Makron, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan, habelə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında videokonfrans formatında keçirilmiş danışıqlardan sonra atılıb.
Belə görünür ki, 8 erməni hərbçisi Ermənistan tərəfinə Fransanın vasitəçiliyi ilə təhvil verilib. Bununla bağlı Fransa Prezidenti Emmanuel Makron "Twitter" hesabında paylaşım edib:
“Səkkiz erməni hərbçisi Azərbaycan tərəfindən sərbəst buraxılaraq Bakıdan İrəvana yola salınıb. Bu işdə fəaliyyət göstərənlərə təşəkkür edirəm. Onlar bir neçə aydır ayrıldıqları ailələrinə qovuşurlar. Diplomatlarımıza, eləcə də bu əməliyyatda səfərbər olan əsgərlərimizə təşəkkür edirəm. Biz irəli gedirik".
Paylaşımdan məlum olur ki, Azərbaycanın geri qaytardığı 8 erməni hərbçisi İrəvana Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə aparılıb. Bu nəqliyyat vasitəsi C-130 təyyarəsidir və üzərində Fransa bayrağı əks olunub.
Qeyd edək ki, erməni hərbçiləri Fransanın Ermənistandakı səfiri Ann Luyo və Avropa İttifaqının nümayəndəsi Andrea Viktorin, Ermənistan XİN rəhbərinin müavini Paruyur Ovannisyan qarşılayıb. Bununla da Fransanın vasitəçiliyi təsdiqlənib.

  • Yazılıb
  • da (də) 2022 Feb 08
  • Göndərən جهان کمالی