Tarix : 2022 Feb 12
Kod 62247

Azərbaycan Respublikası prezidenti İran prezidentini təbrik edib

Azərbaycan Respublikası Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə islam inqilabının qələbəsinin ildönümü münasibəti ilə təbrik məktubu göndərib

Arannews :Azərbaycan Respublikası prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.”
İlham Əliyev təbrik məktubunda iki ölkə arasında əlaqələrin tarixən dostluq və mehriban qonşuluq şəraitində davam etdiyini xatırladıb: “Biz belə möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimizə xüsusi önəm veririk”,- deyə məktubda bildirilir.
Azərbaycan Respublikası prezidenti ikitərəfli əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsindən  məmnunluq ifadə edərək yazıb: “Ali səviyyəli siyasi dialoq, qarşılıqlı səfərlər və müntəzəm görüşlər, imzalanan sənədlər əməkdaşlığımızın möhkəmlənməsinə güclü təkan verir. İqtisadi-ticari, enerji, nəqliyyat və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin çərçivəsinin gündən-günə genişlənməsi bunun bariz nümunəsidir.”
İlham Əliyev İranlı həmkarı İbrahim Rəisi ilə Aşqabad görüşünü xüsusi vurğulayıb: “Hesab edirəm ki, apardığımız ətraflı fikir mübadiləsi və müzakirələr münasibətlərimizin daha da inkişafına və keyfiyyətcə yeni mərhələyə daxil olmasına töhfə verəcəkdir.”- deyə Azərbaycan prezidenti bildirib.
İlham Əliyev Azərbaycan-İran münasibətlərinin iki ölkə xalqlarının mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəyindən əmin olduğunu bildirib.
Azərbaycan Respublikası prezidenti İlham Əliyevin İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisiyə islam inqilabının qələbəsinin ildönümü münasibəti ilə ünvanladığı məktubda sonda belə deyilir: “Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına əmin-amanlıq və rifah diləyirəm”

  • Yazılıb
  • da (də) 2022 Feb 12
  • Göndərən جهان کمالی