Əbülfəzl Abbas İslam tarixinə böyük şəxsiyyət, alim, təqvalı insan və ən mühümü Kərbəlada göstərdiyi qəhrəmanlığı ilə düşüb. Xüsusən də Kərbəlada sonsuz sədaqəti və qəhrəmanlığı Əbülfəzl Abbası (ə) müsəlmanlara sevdirir.
Arannews : Abbas ibni Əli (ə) elə bir mənəvi dərəcədə olan insan idi ki, onu qalan şəhidlərdən daha yuxarı məqama çatdırmışdı.
İmam Sadiq (ə) onun barəsində buyurur: “Peyğəmbərin (s) yadigarı olduğu üçün Həzrətin (ə) təsliminə, təsdiqinə, vəfasına, xeyirxahlığına şəhadət verirəm”.
Bu nurani hədisdə Həzrət Abbasın (ə) dörd mühüm xüsusiyyəti bəyan edilmişdir ki, onlara nəzər salaq.
1. Təslim məqamı.
Hər kim təvəkkül məqamına çatar, özü üçün iradə və qüdrət görməz, hər şeyi Allahdan bilər.
Rza məqamında olan insan həmçinin özü üçün iradə və qüdrət görməz, hər şeyi Allahdan bilər və razı olar. Səbir məqamı ilə rza məqamının fərqi bundadır ki, insan səbir məqamında acıları görər, ancaq savaba çatmaq üçün səbir edər.
Ancaq rza məqamında olan insan heç bir zaman acı görməz. Gördüyü hər şey gözəl və şirindir. Çünki Məhbubu tərəfindəndir.
Təslim məqamı isə elə bir məqamdır ki, rza məqamından da yüksəkdir. Təslim məqamında insan artıq özünü görməz ki, desin, mən bunu bəyənirəm. Hər nəyi varsa – Allaha təslimdir, gördüyü ancaq Allahdır.
2. Təsdiq məqamı. Təslim məqamında olan insan yaxşı bilir ki, kimin vilayətini təsdiq etmək lazımdır. Ona görə də İmam (ə) nə buyurarsa, hamısını haqq bilər.
3. Vəfa məqamı. Allah həqiqi möminlərin sifətlərini sayan zaman, buyurur: “Həmin o kəslər ki, Allahın əhdinə vəfa edir və (Onun tövhidinin əqli və nəqli) peymanı(nı) sındırmırlar”. (“Rəd” 20).
4. Xeyirxahlıq məqamı. Xeyirxahlığın kökündə ixlas gizlənmişdir. Hər kimin ixlası olar, o, hamıya qarşı xeyirxah olar. Həzrət Abbasın (ə) su gətirməsi hekayəsi elə xeyirxahlıq məqamının təsdiqi üçün kifayətdir.
Bu səbəbdəndir ki, Həzrət Abbas o şəhidlərdəndir ki, Qiyamət günü hətta bütün şəhidlər onun məqamına qibtə aparacaqlar.Müaviyə suyu Həzrət Əlinin (ə) ordusunun üzünə bağladıqdan sonra Əbülfəzl (ə) meydana çıxaraq qarşı tərəfdən döyüşçü istədi. Bu zaman Müaviyə Əbu Şəsanı çağırıb dedi ki, sən Şamın ən cəngavərisən, bunu öldür ki, başqalarına ibrət olsun. Lakin o, özü getməyib oğlunu göndərdi.
Əbülfəzl (ə) ardıcıl olaraq onun yeddi oğlunu öldürdü. Bunu görən əbu Şəsa qəzəbli şəkildə meydana daxil oldu. Həzrət Əbülfəzl (ə) onu da məğlub edərək öldürdü." Xarəzminin nəql etdiyinə əsasən bundan sonra Müaviyənin qoşunundakılardan onunla vuruşmağa heç kim cəsarət etmədi.
Kərbəla şəhidləri arasında öz yüksək məqamı ilə ad qazanan Həzrət Əbülfəzl (ə) ömrünün sonuna qədər zalımlara qarşı mübarizədən çəkinməyərək Allahın hüccətinni qəhrəmancasına müdafiə edərkən, Əhli Beyt (ə) xanədanına su gətirərkən Fərat sahilində şəhadətə yetişdi.
Hələ Tasua gecəsi qarşı tərəfdən gələn "amannamə"yə yox cavabı verən Həzrət Abbas (ə) bir daha öz vəfasını göstərdi. Imam Səccad (ə) Həzrət Əbülfəzlin məqamının şəhid məqamından üstün olduğu barədə belə buyurur: "Allah Təala əmim Abbasa (ə) rəhmət eləsin. O, həqiqətən canından keçib özünü qardaşına fəda elədi, Allah-Təala onun kəsilmiş qollarının əvəzinə əmisi Cəfər Təyyar kimi iki qanad vermişdir ki, mələklər kimi uçaraq cənnətə daxil olsun. Onun Allah Təala yanında elə bir məqamı var ki, Qiyamət günü bütün şəhidlər ona qibtə edər və onun məqamını təmənna edərlər."