Tarix : 2022 Mar 08
Kod 62326

Muxtar Sədr: İran xalqı Qarabağda Azərbaycan xalqının qəmlərinin şəriki olmuşdur

“Araz şaqqıldayır damarlarımda” kitabının müəllifi Muxtar Sədr Məhəmmədi: “Bu kitabda 75 şair tərəfindən Azərbaycan xalqına və Qarabağa dəstək fonunda yazılmış 111 şeir toplanmışdır.”
AranNews – Bir qrup şair və mədəniyyət və incəsənət həvəskarlarının iştirakı ilə “Araz şaqqıldayır damarlarımda” kitabının təqdimat mərasimi keçirilib. Təbrizin Saib Bağında keçirilən təqdimat mərasimində ustad Muxtar Sədr Məhəmmədi mərasim iştirakçılarına öz minnətdarlığını bildirməklə yanaşı, mövzu üzrə digər əsərlərin toplanması ilə kitabın ikinci və üçüncü cildlərinin də çap ediləcəyinə ümidvar olduğunu bildirib.
Son üç onillikdə Azərbaycan Respublikasının işğal olunmuş bölgələrinin sakinlərinin məzlumluğu və iranlı şairlərin onlarla həmdərd olmasından söz açan kitabın müəllifi deyib: “Bu kitabda 75 şairin müxtəlif şeir üslublarında Azərbaycan xalqına və Qarabağa dəstək istiqamətində  yazdığı 111 şeir toplanıb.”
İran xalqının Azərbaycan xalqının qəmlərinə şərik olduğunu vurğulayan şair qeyd edib ki, hər vaxt Qarabağda bir qəlb sındısa, ya Şuşada bir partlayış baş verdisə, İranda gözdən yaş axdı. Şuşada bir ev dağıldısa İranda bir qəlb dağıldı və qəm-qüssəyə batdı.
O, Azərbaycan, Qarabağ və Şuşa səsləyərək deyib: “Qarabağ, Araz çayı, Təbriz olmasaydı, Şuşadan bir ad qalmazdı. İran şairləri və mədəniyyət-incəsənət adamları heç vaxt Qarabağ hadisələrinə biganə qalmayıblar. Həmişə harada bir insan ürəyi, bir müsəlman qəlbi sınıbsa, şairin gözündən yaş axacaq və sözsüz ki, şairin qələminin təbiəti qaynayacaq və bu haqda dəyərli bir əsər yaradacaq.”
Təbrizli şair çıxışının sonunda deyib: “Gələcəkdə insanlar belə əsərləri oxumaqla Qarabağın ağır günlərində kimin Azərbaycanın yanında olduğunu, kimin Azərbaycanın daha çox işğal edilməsinin qarşısını aldığını biləcək.”
Təqdimat mərasimində Şərqi Azərbaycan Mədəniyyət və İslam İrşadı Baş İdarəsinin direktoru doktor Seyyid Qasim Nazimi, Azərbaycan Mədəniyyət, İncəsənət və Ədəbiyyat Fondunun sədri doktor Şərifnejad, Təbriz Ədəb Əncüməninin rəhbəri, şair və Müqəddəs Müdafiə haqqında dəyərli və cavidan əsərin müəllifi Ustad Rənci, şair Babək İslami, şair və xəttat Ustad Əyyub Şəhbazi, ruhani və şair höccətül-islam Əmcədi, yazıçı və tədqiqatçı Ustad Həmraz və bir qrup digər şair və yazıçı çıxış ediblər və şeir oxuyublar.
Qeyd edək ki, yazıçı və şair Muxtar Sədr Məhəmmədinin “Araz şaqqıldayır damarlarımda” kitabından başqa, “Yadiqari-səbz”, “Günəşdən pay”, “Ləldən parlaq” və “An mərdi bitəkrar” kimi əsərləri də çapdan çıxmışdır.
“Araz şaqqıldayır damarlarımda” kitabı
75 iranlı şairin Azərbaycan və Qarabağ xalqına dəstək şeirləri toplusu;
“An mərdi bitəkrar” kitabı
Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan şairlərinin şəhid sərdar Qasım Süleymaninin matəm və mədhində şeirlər toplusu;
“Günəşdən pay” kitabı
Ustad Sədr Məhəmmədinin (İran-İraq müharibəsi dövründə) Müqəddəs Müdafiə haqqında şeirlər toplusu;
“Ləldən parlaq” kitabı
Pərvin Etisaminin şeirlərinin azəri türkcəsinə tərcüməsi;
“Yadiqari səbz” kitabı
Şərqi Azərbaycan vilayəti şairlərinin Müqəddəs Müdafiə haqqında şeirlər toplusu.

 
  • Yazılıb
  • da (də) 2022 Mar 08
  • Göndərən جهان کمالی