Tarix : 2022 Mar 08
Kod 62330

Diplomatik əlaqələrin 30-cu ildönümü ilə bağlı Tehranda rəsmi qəbul keçirilib

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi tərəfindən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Tehranda rəsmi qəbul təşkil olunub.

Arannews :iqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunun mərasim zalında təşkil olunmuş tədbirdə İran Parlamentinin, Xarici İşlər Nazirliyinin, İran Silahlı Qüvvələrinin və digər dövlət qurumlarının rəsmi şəxsləri, xarici ölkələrin İrandakı səfirləri və diplomatları, ziyalılar, sənət adamları, Tehranda yaşayan azərbaycanlılar, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak edib.
Dövlət himnlərinin səsləndirilməsi ilə başlanan rəsmi qəbulda çıxış edən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə, Azərbaycan - İran əlaqələrinin ötən 30 il ərzində möhkəmləndiyini və inkişaf etdiyini bildirib. Səfir Azərbaycan Respublikası Prezidentinin Azərbaycan-İran sərhədini dostluq və qardaşlıq sərhədi adlandırdığını, əsrlər boyu tarixi, mədəni, mənəvi dəyərlərlə bir-birinə bağlı olan qardaş xalqlarımızın ürəyinin həmişə bir döyündüyünü qeyd edib.
İran İslam Şurası Məclisinin təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü, millət vəkili Mahmud Abbaszadə Meşkini çıxış edərək İran Parlamenti və dövlətinin təbriklərini çatdırıb. İranın Azərbaycanla əlaqələrə verdiyi önəmdən, iqtisadi-ticari əlaqələrin artmasından bəhs edən millət vəkili, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin İran xalqını və dövlətini sevindirdiyini bildirib. Mahmud Abbaszadə Meşkini iki ölkə arasında möhkəm bağlara toxunaraq, dahi Şəhriyarın şeirlərindən misralar səsləndirib, İran-Azərbaycan xalqı kimi heç bir xalqın bu qədər yaxın olmadığını bildirib və 44 günlük vətən müharibəsində İran xalqının Azərbaycanla eyni kədəri və sevinci yaşadığını qeyd edib.

  • Yazılıb
  • da (də) 2022 Mar 08
  • Göndərən جهان کمالی