Şərqi Azərbaycan Mədəniyyət və İslami İrşad Baş İdarəsinin direktoru “Araz şaqqıldayır damarlarımda” kitabının təqdimat mərasimində deyib: “Kosovo, Bosniya, Qarabağ, Fələstin, Yəmən və digər bölgələrdə baş verən faciələrlə bağlı Qərb camiəsinin susqunluğunu görürük, digər tərəfdən isə Ukrayna kimi müttəfiqlərinə aid məsələlərdə fəryadlarını və hərəkətlənməsinin şahidiyik. Ədalətsizlik, dünya medialarında dalğa vurur.”
AranNews - Son üç onillikdə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin sakinlərinin məruz qaldığı zülmləri və İran şairlərinin Qarabağın müsəlman və şiə xalqının ağrıları ilə həmdərd olmasını göstərən şeir toplusu olan “Araz şaqqıldayır damarlarımda” kitabının təqdimat mərasimində çıxış edən doktor Seyyid Qasim Nazimi nitqinin davamında kitabın müəllifi Ustad Muxtar Sədr Məhəmmədinin zəhmətlərini təqdir edərək deyib: “Bu əsər çoxdan hazırlanıb və çap edilməsinin gecikməsinə baxmayaraq, belə əsərlər mütləq tarixdə qalacaq. Çünki məzlumun kimliyindən, bizimlə hansı nisbəti olmasından asılı olmayaraq, İran sənətkarları və şairlərinin haqq-ədalətə və məzlumun müdafiəsinə diqqətini göstərir. Bu əslində, İslam dininin tövsiyəsi və İran İslam İnqilabının şüarıdır ki, biz məzlumların yanında olmalıyıq.”
Nazimi qeyd edib ki, bugün mədəniyyət və incəsənət xadimləri, şairlər öz ətrafında baş verən hadisələrə laqeyd olmamalıdır. Modern dünya adlandırılan yeni əsrdə, uşaqların zorakılığa və qətlə məruz qaldığı bir yerdə “modern” dünyanın susduğu, lakin Ukrayna hadisələrində səsini qaldırdığını, ona reaksiya verdiyini görürük. Bugün dünya KİV-ləri Yəməndə baş verən qətliamlara susur və bunun üçün narahat olmur. Ancaq həmin KİV-lər Ukrayna məsələsində şiddətli reaksiya göstərirlər. Təbii ki, biz heç bir təcavüz və müharibəni dəstəkləmirik, lakin bu ikili standartlar hər bir azadlıqsevər insanı narahat edir.
Mədəniyyət və İslami İrşad İdarəsinin direktoru əlavə edib: “Bizim qonşuluğumuzda Qarabağ illərlə işğal altında qaldı, qərb mediaları və insan haqları təşkilatlarının səsi çıxmadı. Ancaq İran xalqı Azərbaycan xalqının yanında oldu, təchizat və humanitar yardımlar göndərdi, müharibə köçkünlərinin qayğısına qaldı. Sənət adamları və şairlər belə səhnələrə qarşı etinasız qala bilməz. Çünki sənət adamları əvvəl insan, sonra sənətkar olmalıdır. Şair və sənətkar bir həmvətən, qonşu və ya hər yerdə bir insanın problemlə üzləşdiyi vaxt sakit qalmamalıdır. Lakin modern dünyada bu sükut və etinasızlıq bir növ adətə çevrilib və belə düşünürlər ki, əgər dünyanın bir yerində insanlar öldürülürsə, bu, ədalətin özüdür. Amma bu hadisə hegemon dövlətlərin maraqlarının təmin olunduğu ayrı bir yerdə baş versə, cinayət hesab olunur! Bu, bizim modern dünyamızdır və qəbul etməliyik ki, ölkəmiz İran bu dünyada bir növ tənhadır. Çünki Kosovoda, Qarabağda, Bosniyada, Yəməndə, Fələstində və digər bölgələrdə insanların problemləri yalnız bizim xalqımız, sənət adamlarımız üçün önəmlidir. Təbii ki, iranlı bir sənətkar və şairin zülm qarşısında səssiz qala bilməməsi bizim üçün iftixardır. Onlar zülm qarşısında əllərinə silah ala bilməsələr də, ən azından şeirlə öz etirazlarını bildirirlər. Gələcək nəsil bu kitabın vərəqlərini səhifələyərkən başa düşəcəklər ki, iranlı şairlər öz qonşularının problemlərinə qarşı etinasız olmayıblar, ədaləti, həqiqəti və məzlumları müdafiə ediblər.”
Doktor Nazimi daha sonra deyib: “Ustad Sədr Məhəmmədiyə təşəkkür edirik ki, bu şeirləri toplamaqla əslində, İran xalqının Azərbaycan xalqına verdiyi dəstəyin bir hissəsini tarixdə əbədiləşdirmişdir və ümid edirəm ki, müqavimət ədəbiyyatının bir hissəsi sayılan bu şeirlər də həmişə gündəmdə və təzə qalacaq. Bizim şeir və ədəbiyyatımız monqolların İrana hücumu qarşısında səssiz qalan və şeirlərində bu məsələyə toxunmayan nəsil kimi olmamalıdır. Biz bugün o dövrün şairlərini həmin faciələrə reaksiya olaraq onlardan bir beyt şeir belə qalmadığına görə qınayırıq.”
Nazimi çıxışının digər hissəsində deyib: “Allaha şükürlər olsun ki, bu gün şeir və ədəbiyyatımızın deməyə yeni sözü var və mövqeini öz vaxtında bildirir. Kaş ki, qonşu ölkələrdə yaşayanlar da haqqı tanıyaydı, çətin günlərində həqiqi mənada kimlərin onların yanında olduğunu biləydilər və görəydilər.
İran xalqı Azərbaycan, Əfqanıstan, İraq və digər qonşularına çoxlu maddi və mənəvi yardımlar göstərmişdir. Xalqımız insanları o qədər sevir ki, çətin günlərində onlardan heç bir köməyi əsirgəməmişdir. Bu, bizim üçün iftixardır.”
“Araz şaqqıldayır damarlarımda” kitabının Qarabağ məsələsində mövqe sərgiləmiş iranlı şairlərin adı və şeirləri ilə dolu olduğunu vurğulayan doktor Nazimi deyib: “Ədəbiyyat həvəskarı kimi öz adımdan Ustad Sədr Məhəmmədiyə təşəkkürümü bildirirəm və ümid edirəm ki, belə əsərlər vaxtında çap olunsun ki, daha çox əsərin mənbəyi ola bilsin.”