Tarix : 2022 Mar 24
Kod 62375

Ukrayna müharibəsi "su keçirməyən müttəfiqlik"ləri də zərbə altına gətirdi

ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və bir çox başqa ölkələr Rusiyaya qarşı geniş iqtisadi sanksiyalar tətbiq edib. Lakin sanksiyaların çəkindirici olması üçün bütün gözlər Rusiyanın müttəfiqi Çinə çevrilib.

Arannews- Fevralın 4-də Vladimir Putin və Çin sədri Si Tszinpi birgə bəyanatda iki ölkə arasında münasibətlərin sərhədsiz olduğunu vurğulayıblar. Lakin Rusiyanın Ukraynaya müdaxiləsi bu ittifaqın sərhədləri ilə bağlı mübahisələrə səbəb olur. Beləliklə, önəmli bir sual yaranır: Çin Rusiyaya tətbiq edilən sanksiyalara qarşı gözlədiyi tam dəstəyi verəcəkmi?

Çinin öz timsalında qlobal sistemi korrektə etmək siyasəti Rusiyanın gözləntilərinə tam uyğun gəlməyə bilər. Eyni şəkildə, Rusiyanın strateji prioritetləri Çinin uzunmüddətli strateji maraqları ilə tam üst-üstə düşməyə bilər. Henri Kissincerin təbirincə desək, “xarici siyasət, prioritetləri təyin etmək sənətidir və siyasətin sınağı, onun necə başladığında deyil, necə bitəcəyindədir”. Strategiyanın birinci vəzifəsi, məqsədlər və vasitələr arasında əlaqə yaratmaqdır. Çin də eyni şeyi edəcək.

Rusiyanın Ukraynaya təcavüzü geosiyasi-qlobal miqyasda oyun dəyişikliyidir. Çin isə bu qlobal oyun planı çərçivəsində uzun müddətdir həm BMT platformasında, həm də beynəlxalq münasibətlərdə “yumşaq güc”ə sərmayə qoyub. Rusiyanın işğalı bu oyun planını pozur. Çinin Ukrayna məsələsində mövqeyi “Rusiyayönümlü neytrallıq” kimi xarakterizə olunur. Ancaq Rusiya Çindən daha çox şey istəyə bilər. Bu kontekstdə iqtisadi sanksiyalar həm də Çin və Rusiya arasında “su keçirməyən müttəfiqlik” münasibətlərinin sınağı olacaq.

Çinin ən mühüm strateji prioriteti, özünün sabit iqtisadi artımını təmin etməkdir. İqtisadi artım, belə demək mümkünsə, Çinin “müqəddəs” planlarından biridir. Bu dövlət "daim aktiv ol, yoxsa çökərsən" prinsipi ilə addım atır. Çin 2001-ci ildə ABŞ-ın dəstəyi ilə Ümumdünya Ticarət Təşkilatına üzv olub və 20 ildir ki, qlobal iqtisadi sistemdən faydalanır. Onu narahat edən isə bu axını pozacaq geosiyasi risklərlərdir. Artım tempinin aşağı düşməsi, həm Çinin müdafiə xərclərinə, həm də yeni nəsil texnologiyalara yatırılan investisiyalara mənfi təsir göstərəcək. Təbii ki, iqtisadi artım tempinin aşağı düşməsinin rifah səviyyəsini aşağı salma riski də var.

Çinin Aİ ilə geniş ticarət-iqtisadi əlaqələri var. Ukraynanın işğalından sonra Aİ-dən sanksiyaların yağış kimi yağması və Almaniyanın özünə qarşı münasibətini kəskin dəyişməsi, Çin üçün gözlənilməz hadisə oldu. İndiki gedişat isə Çini daha ehtiyatlı davranmağa sövq edəcək. Eləcə də Çinin Rusiyaya sanksiyalara tab gətirə bilməsi üçün verəcəyi dəstəyin ABŞ və Aİ-nin qırmızı cizgilərini keçməsi, Çin şirkətlərinə ikinci dərəcəli sanksiyalar kimi təsir edə bilər. Çin isə qısa, orta və uzunmüddətli iqtisadi və hərbi planlarının iflasa uğramasını istəmir. “Bir kəmər-bir yol” layihəsi onun Avropa ilə əlaqələrində çox mühüm rol oynayır.

ABŞ, Aİ, Böyük Britaniya, Yaponiya, Kanada və Avstraliya başda olmaqla, genişmiqyaslı sanksiya koalisiyasının Rusiya kimi böyük dövləti nə dərəcədə büdrədəcəyi, Çinin də maraqla izləyəcəyi gələcək kritik vəziyyətə işarə edir. Əgər genişmiqyaslı sanksiyalar koalisiyası Rusiya iqtisadiyyatını qlobal iqtisadiyyatdan təcrid edərsə, bu, gələcəkdə başqa bir böyük güc – Çin üçün sınaqdan keçirilə bilər.

ABŞ, Çin və Rusiyanı iki ən böyük təhlükə olaraq görür. Bu, Çin və Rusiyanı bir arada tutan ən mühüm amildir. Həmçinin, bu, bir həqiqətdir ki, Çin qlobal iqtisadiyyatın çox mühüm tərkib hissəsidir. Rusiyanı təcrid etmək isə Çindən daha asan görünür. Sanksiyaların və bu sanksiyalara göstərilən reaksiyaların qlobal iqtisadiyyata əks etdirəcəyi çətinliklər həm Çin, həm də sanksiyalar tətbiq edən dövlətlərin koalisiyası üçün çətin sınaq olacaq.

Ukraynada davam edən müharibənin nəticələri baxımından Çin üçün həm “imkanlar”, həm də “risklər” var. Sanksiyalar Rusiyanın Çinə olan ehtiyacının səviyyəsini artıracaq. Bununla belə, Çin iqtisadiyyatı qlobal təchizat zəncirlərində, xüsusən də xammal və ərzaq tədarükündə baş verən pozuntulara çox həssasdır. Bu kövrəklik hətta Ukrayna-Çin iqtisadi münasibətlərində də özünü hiss etdirir. Bu ölkənin qarğıdalı idxalının təxminən 30 faizi Ukraynadan gəlir. Həmçinin, indi Ukraynadan Çinə dəmir filizi ixracı da kəsilə bilər. Qısaca desək, çinlilər Rusiyanın Çinə ehtiyacı ilə Çinin Rusiyaya ehtiyacı arasındakı çox nazik bir ip üzərində addımlayırlar.

  • Yazılıb
  • da (də) 2022 Mar 24
  • Göndərən مهدی امیری