Tarix : 2022 Mar 26
Kod 62380

Bakı şəhəri Əli ayağı ziyarətgahı

Ziyarətgah Bakı şəhərinin Buzovna qəsəbəsində, Xəzərin sahilində, qayaların üstündə yerləşir. Rəvayətə görə, ziyarətgahın əsası burada qaya üstündə Həzrəti Əlinin (ə.s) ayaq izi qaldığına inanan insanlar tərəfindən XII əsrin sonlarında qoyulmuşdur.

Arannews :Deyilənə görə, bir mömin yuxuda dəniz sahilində qayalıqların üstündə Həzrət Əlinin (ə.s) onunla danışdığını görür. Ertəsi gün yuxusunu kəndin digər mominlərinə danışır. Bundan sonra kənd adamları yığışıb dəniz kənarındakı aslan qayalıqlara gedir və orada qaya üzərində ayaq izi tapırlar. İnsanlar yuxudan gələn bu möcüzəni Həzrət Əlinin (ə.s) adına bağlayır və o gündən buranı ziyarətgaha çevirirlər.
Vaxtilə burada dindarların namaz və digər dini ayinləri icra etmələri üçün məscid, zəvvarlar üçün karvansaralar fəaliyyət göstərib.
1861-ci ildə ziyarətgah çar canişini tərəfindən“Əli ayağı” adı ilə rəsmi qeydiyyata alınıb. Sovet dövründə bu ziyarətgahı bir neçə dəfə sökməyə cəhd ediblər. Lakin hər dəfə yerli sakinlər bunun qarşısını alıblar.
1987-ci ildə yerli əhalinin təşəbbüsü ilə ziyarətgahda bərpa və yenidənqurma işləri aparılmışdır. Qədəmgahda məscid, zəvvarlar üçün yataq otaqları, mətbəx, dərs otaqları, kitabxana, qadınlar və kişilər üçün dəstəmazxana istifadəyə verilmişdir.
Hazırda burada Həzrət Əlinin (ə.s) qaya üzərində ayaq izinin qorunub saxlanıldığı qədəmgah və məsciddən ibarət kompleks var.

  • Yazılıb
  • da (də) 2022 Mar 26
  • Göndərən جهان کمالی