Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan bayramında veriləcək fitrə zəkatının məbləğini açıqlayıb. Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür.
Arannews :Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.
10-15 manatlıq fitrə zəkatı aztəminatlı ailələr üçün çoxdur. Həmin məbləğdə zəkat ödəyə bilməyə ailələr nə etməlidir?
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli Modern.az-a bildirib ki, hər kəs 10-15 manat fitrə zəkatı çıxmaq məcburiyyətində deyil:
“İlk növbədə onu vurğulayım ki, oruc tutan insanlar fitrə zəkatı ödəməsə, orucları qəbul olunmur. Fitrə zəkatı bayram axşamı çıxılır. 3 kiloqram arpa, buğda, un, düyü, xurma və s. bu ərzaq növlərinin qiymətləri qədər fitrə zəkatı ayrılır".
Hacı Şahin deyib ki, Qafqaz Müsəlmanlar İdarəsi də hər il təxmini hesablamlara uyğun müəyyən bir rəqəm müəyyən edir:
"Bu qiymət təyin olunmalıdır, çünki şəriət hökmü məbləğ soruşur. Ancaq hər kəsin imkanı eyni deyil. İmkanı az olan insanlar az öncə sadaladığım məhsulların bazar qiymətinə uyğun olaraq fitrə zəkatı çıxa bilərlər. İmkanlı adamlar isə nə qədər çox fitrə zəkatı çıxarsalar, daha yaxşı olar. Fitrə zəkatı zənginlər tərəfindən yoxsul insanlara ödənilir. Orta bir rəqəm hesablanır ki, yoxsul insanların da ehtiyacları qarşılansın”.