Tarix : 2022 Apr 04
Kod 62408

İlham Əliyev və Paşinyanın Brüssel görüşündən GÖZLƏNTİLƏR

Aprelin 6-da Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü keçiriləcək. Danışıqlar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə baş tutacaq. Brüssel görüşünün gündəliyi hələlik məlum olmasa da, Bakı və İrəvandan sülh sazişinə dair müsbət mesajlar səsləndirilir.
Arannews :Görüşdən gözləntilər barədə Modern.az-a danışan politoloq Tofiq Abbasov xatırladıb ki, ötən danışıqlarda Azərbaycanın mövqeyi bəyənilib, hətta Faktaraşdırıcı Missiyanın Ermənistana səfəri gündəmə gətirilib.
Buna baxmayaraq, politoloq hesab edir ki, İrəvan prosesləri ciddi cəhdlə sabotaj etməyə hazırlaşır:
“Amma ermənilər üçün bu işin sonu yoxdur. Əgər mövqelərin dəyişməsi gündəmə gətirilsə, gərək Azərbaycan yox, Ermənistan mövqeyini dəyişsin. Azərbaycan qalibdir, sözünü demiş ölkədir və sülh müqaviləsinə tam hazırdır. Bütün proseslərin fonunda görürük ki, Ermənistan danışıqdan başqa heç nə istəmir. Ona görə, Brüssel görüşündə Ermənistan öz yanaşmasını formalaşdırmalı, korrektələr etməlidir. Bu görüşdə də son görüşün davamını müşahidə edəcəyik. Azərbaycan kommunikasiyaların fəaliyyəti ilə əlaqədar üzərinə düşən işləri görür. Bizim heç bir umacağımız yoxdur. Avropa istəsə də, istəməsə də Azərbaycanın mövqeyini nəzərə almalıdır”.
Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Minsk qrupunun gündəmə gətirilməsinə toxunan politoloqun fikrincə, artıq vasitəçilərin prosesə qaytarılmasından söhbət gedə bilməz:
“Belə bir ehtimal yoxdur. Minsk qrupu təsirini itirmiş təsisatdır. Onun meydana qayıtması mümkün deyil”.
Politoloq Elxan Şahinoğlu isə düşünür ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla növbəti görüşünün Brüsseldə keçirilməsi hər iki tərəf üçün faydalıdır.
Onun sözlərinə görə, Avropa İttifaqının həm Azərbaycan, həm də Ermənistanla tərəfdaşlıq münasibətləri var:
“Moskvadan fərqli olaraq Brüssel Cənubi Qafqazı özünün arxa baxçası hesab etmir, bölgə ölkələrinə qarşı siyasi və hərbi təzyiq üsullarından istifadə etmir. Üstəgəl Ukraynadakı işğalçı müharibənin fonunda Rusiyaya qarşı sanksiyalar sərtləşib, Avropanın Azərbaycan qazına ehtiyacı artıb. Bu da bizə həm iqtisadi, həm də Ermənistanla danışıqlar baxımından faydalıdır”.
  • Yazılıb
  • da (də) 2022 Apr 04
  • Göndərən جهان کمالی