Tarix : 2022 Apr 05
Kod 62412

Ermənilər son təxribatlarla Paşinyana təzyiq etməyə ÇALIŞIR

Aprelin 3-ü saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Ordumuzun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur.

Arannews :Bu barədə Modern.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, ermənilər həmişə belə edirlər:
"Ötənilki Brüssel görüşündə də belə etdilər. Moskva görüşlərində də belə ediblər. Bu, onların xislətidir".
Ekspertin sözlərinə görə, bu təxribatları iki cür yozmaq olar:
"Birinci belə yozmaq olar ki, Müdafiə Nazirliyi sistemi, eləcə də Qarabağ ərazisində yerləşən 11 min Ermənistan Silahlı Qüvvələrinin üzvləri nəzarətdən kənardadılar. Ürəkləri istəyəndə Azərbaycan ərazsində atəş açırlar. İkinci  tərəfdən onu demək olar ki, Nikol Paşinyan hələ hakimiyyətin bütün növləri üzərində, xüsusilə Müdafiə Nazirliyi üzərində nəzarəti tam yoluna qoya bilməyib. Bu çox az ehtimaldır. Orduda, xüsusilə Qarabağ ərazisində "Qarabağ klanı"nın revanşist qüvvələri üstünlük təşkil edir. Onlar həmişə mühüm tədbirlər ərəfəsində provakasiya və təxribatdan istifadə edərək həm Nikol Paşinyanı gərginlikdə saxlayırlar, həm də elə düşünürlər ki, Azərbaycan Ordusunu gərginlikdə saxlayırlar".
Politoloq qeyd edib ki, bu çox vecsiz və gələcəyi olmayan taktikadır:

"Azərbaycan bütün bu hərəkətləri uzun müddətdir ki, izləyir və sözsüz ki, əgər sülh razılaşması əldə olunmasa, onda məsələnin yeni yolla, yəni hərbi yolla həlli məsələsi gündəmə gələ bilər. Onda  Azərbaycan bu pozucu ünsürlərin də cavabını verə biləcək. O zaman ermənilər dalan dirənmiş olacaqlar".

  • Yazılıb
  • da (də) 2022 Apr 05
  • Göndərən جهان کمالی