Tarix : 2022 Apr 10
Kod 62430

İlham Əliyevlə Rusiya prezidenti arasında telefon danışığı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

Arannews :Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Söhbət əsnasında Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşdırılması məsələlərinə və aprelin 6-da Brüsseldə keçirilmiş görüşə dair fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla dövlətlərarası münasibətlərin qurulması üçün beş prinsipdən ibarət təqdim etdiyi sənədi və Ermənistan tərəfinin bu prinsipləri qəbul etdiyini xatırladıb.
Telefon danışığı zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə işçi qrupunun yaradılması, sərhədlərin delimitasiyası üzrə komissiyanın təsis edilməsi, həmçinin nəqliyyat məsələləri üzrə Azərbaycan, Rusiya və Ermənistanın iştirak etdiyi işçi qrupunun fəaliyyəti və bu çərçivədə növbəti təmaslar barədə söhbət aparılıb.
Tərəflər ikitərəfli münasibətlərin cari gündəliyi üzrə sıx əməkdaşlığın davam etdirilməsi üçün qarşılıqlı niyyəti bir daha ifadə ediblər.
Rusiya Federasiyası və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev telefon danışığı zamanı Qarabağ üzrə üçtərəfli sazişlərin həyata keçirilməsinin zəruriliyini və Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə işlərin başlanması məsələlərini müzakirə ediblər.
Bizimyol.info TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Kremlin mətbuat xidməti məlumat yayıb.
"İlham Əliyevlə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında aprelin 6-da Brüsseldə keçirilən danışıqların yekunları müzakirə edilib. Eyni zamanda, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin razılaşmalarının tam şəkildə həyata keçirilməsinin zəruriliyi də müzakirə edilib. 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli Qarabağ üzrə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə işlərin başlanması və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanması məsələlərinə toxunulub.
Söhbətin Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutduğu vurğulanır. "İkitərəfli münasibətlərin cari gündəliyi üzrə sıx əməkdaşlığı davam etdirmək üçün qarşılıqlı niyyət təsdiqlənib", - deyə Kremlin mətbuat xidməti əlavə edib.
Şənbə günü səhər saatlarında Putinlə Paşinyan arasında telefon danışığı olub. Ermənistan, Azərbaycan və Rusiya liderlərinin Qarabağ üzrə fundamental üçtərəfli razılaşmalarının, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması və iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə layihələrin həyata keçirilməsinin ardıcıl həyata keçirilməsinin əhəmiyyəti bir daha təsdiqlənib. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması mövzusuna da toxunulub.

  • Yazılıb
  • da (də) 2022 Apr 10
  • Göndərən جهان کمالی