Tarix : 2022 May 04
Kod 62508

İsrail Ukraynaya silah göndərməyə HAZIRLAŞIR

İsrail Ukraynaya göndərdiyi humanitar yardımı genişləndirməyi, o cümlədən müharibə şəraitində olan ölkəyə hərbi yardım göndərməyi düşünür.

Arannews :Modern.az xəbər verir ki, bu barədə İsrailin "Haaretz" qəzeti ölkə rəsmilərinə istinadən məlumat yayıb.

Qəzet yazır ki, İsrail rəsmiləri Kiyevə daha çox müdafiə xarakterli silahlar göndərməyi planlaşdırır, ancaq bu silahlara hava hücumundan müdafiə sistemləri, qabaqcıl silahlar və hücum sistemləri daxil deyil.

Məlumatda bildirilir ki, İsrailin hərbi yardımı simvolik olsa da, bu ölkənin Ukraynaya silah göndərənlər siyahısına daxil olması olduqca əhəmiyyətlidir.

İsrail Rusiya və Ukrayna arasındakı müharibənin əvvələrindən tərəfsiz siyasət yürüdür. Ancaq "Haaretz" qəzeti yazır ki, ABŞ və Avropa ölkələri İsraildən daha aydın mövqe tutmasını və mövqeyin yalnız sözdə deyil, əməldə göstərilməsini tələb edir.

Ukraynaya hansı silahların verilə biləcəyini müzakirə etmək üçün yaxın günlərdə müdafiə rəsmilərinin görüşü planlaşdırılır.

Bundan əvvəl İsrail təmsilçiləri ABŞ-ın Almaniyada Ukrayna ilə bağlı keçirdiyi görüşə qatılıb. Təl-Əviv Lvovda səhra xəstəxanalarının qurulmasında iştirak edib və Kiyevə zirehli təcili yardım maşınları verib.

Ukrayna mətbuatında yer alan digər xəbərə görə, İsrail Estoniyaya satdığı silahların Ukraynaya tədarükünə mane olmayacağını bildirib. Bu ölkə Estoniyaya Azərbaycan Ordusunun da istifadə etdiyi, Aprel döyüşləri və İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın tank və zirehli döyüş maşınlarını məhv edən "Spayk" tank əleyhinə raket sistemləri, eləcə də "Qabriel-5" gəmi əleyhinə raketləri satıb.

İsrailin yardımı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Hitleri yəhudi adlandırılmasından sonra müzakirə edilməyə başlanıb. Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskini Adolf Hitlerlə müqayisə edib. O, xüsusən də Zelenskinin yəhudi mənşəli olmasına diqqət çəkib. Lavrov iddia edib ki, Hitlerdə də yəhudi qanı olub. XİN başçısının bu fikirləri İsraildə etirazla qarşılanıb. Rəsmi Təl-Əviv Rusiya XİN başçısından üzr istəməsini tələb edib.

  • Yazılıb
  • da (də) 2022 May 04
  • Göndərən جهان کمالی