Tarix : 2022 May 07
Kod 62513

Ermənistanın Bakıya göndərdiyi təkliflər - 6 bənddə nələr var...

Ermənistan Azərbaycanın 5 bəndlik təklifinə cavab olaraq rəsmi Bakıya altı maddədən ibarət təklif göndərib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu barədə erməni jurnalistlərə məlumat verib. O, Bakıya ünvanlanan təkliflərin detallarını açıqlamayıb.

“Arannews :Bu iki təkliflər paketini birləşdirib müzakirələrə başlamaq lazımdır. Bu məsələdə həm Azərbaycan, həm də digər beynəlxalq tərəfdaşlar tərəfindən anlaşma var. Azərbaycanın bəndlərində Ermənistan üçün qəbuledilməz heç nə yoxdur. Sülh müqaviləsi ətrafında danışıqlara başlamaq lazımdır”, - deyə Qriqoryan vurğulayıb.

Bəs, Ermənistan Azərbaycana hansı təklifləri göndərib? 

Bu barədə Modern.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, Ermənistanın hansısa təklif verməsi normal qəbul olunmalıdır. Onun fikrincə, əsas məsələ təklifin mahiyyətidir:

"Bizim təkliflərimizdə ərazi bütövlüyü, ərazilərin toxunulmazlığı, bölgədə sülhün, əmin-amanlığın bərqərar edilməsi kimi məqamlar yer alıb. Yəqin ki, ermənilər təkliflər siyahısına Qarabağ məsələsini də əlavə edə bilər".

Politoloq Ermənistanın məğlub tərəf olmasına baxmayaraq, Bakıya təkliflər verməsində problem görmədiyini söyləyib:

"Ermənistan məğlub olsa da, təklif irəli sürə bilər. Ancaq bu təklifi Azərbaycan qəbul etməyə də bilər. Azərbaycan qalib tərəf kimi təkliflər irəli sürməkdə imtiyazlı mövqeyə malikdir. İndi danışıqlar prosesi gedir. Buna görə də, Ermənistan qarşı tərəf kimi təklif irəli sürür. Ancaq təkliflər ağlabatan olmalı, müharibənin nəticələrini özündə ehtiva etməli və nəhayət, beynəlxalq hüquq normalarına uyğun gəlməlidir".

Ermənistanın istəklərinə gəlincə, Q. Hüseynli proqnozlarını dilə gətirib:

"Əlbəttə, onlar Qarabağda yaşayan ermənilərin statusu məsələsini yenidən qaldırmağa çalışacaqlar. Azərbaycan isə orada yaşayan ermənilərə təhlükəsiz yaşayış şəraitinin yaradılmasını əks təklif kimi irəli sürəcək. Bildiriləcək, biz sizin təhlükəsizliyinizə, normal yaşayışınıza təminat veririk. Siz də bunun əvəzində sadəcə Azərbaycan vətəndaşı kimi öz vətəndaşlıq borcunuzu yerinə yetirməlisiniz. Məncə, bu dünyada qəbul edilmiş ən yaxşı praktikadır".

Politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, əgər iki tərəf danışıqlar masasına əyləşirsə, ortaya təkliflər qoymaq normal hesab olunmalıdır:

"Biz də Ermənistana 5 bəndlik təklif vermişdik. Həmin təkliflər müzakirə olunmuşdu. Hətta sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyir ki, onun ixtiyarı olsaydı, təkliflərə Zəngəzurun Azərbaycana məxsus olması barədə maddə əlavə edərdi. Təbii ki, bu Tofiq bəyin təklifi idi. Azərbaycanın təkliflərinə bu şərt əlavə edilsəydi, Bakı danışıqlarda mövqeyini gücləndirə bilərdi. İndiki şəraiti nəzərə alsaq, əlavə altıncı şərt Qarabağ ermənilərinin təhlükəsizliyi və ya statusu ilə bağlıdır".

Xatırladaq ki, bundan öncə Azərbaycan danışıqların başlaması üçün Ermənistana 5 bənddən ibarət təklif göndərib. Bu təkliflər aşağıdakılardır:

•Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

 •Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

 • Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

 • Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

 • Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

  • Yazılıb
  • da (də) 2022 May 07
  • Göndərən جهان کمالی