Tarix : 2022 May 11
Kod 62526

C.Bayramov: İrəvan tərəfindən hansısa təklif yoxdur

Azərbaycan Respublikasının XİN başçısı Ermənistanın Bakıya 6 bəndlik təklif verməsinə münasibət bildirib.

Arannews :Ceyhun Bayramov deyib ki, Azərbaycan tərəfi hələ fevral ayında Ermənistana sülh müqaviləsinin təməl prinsiplərini təqdim edib. Ermənistan tərəfi isə həmin baza prinsiplərində onlar üçün qəbulolunmaz heç nəyin olmadığını bildiriblər.

Nazir jurnalistlərə açıqlamasında qeyd edib ki, daha sonra Ermənistan tərəfindən Azərbaycanın 5 təklifinə 6 təklifin verilməsi xəbərləri yayıldı. Böyük ehtimalla, hər kəs Ermənistan tərəfinin qeyd etdiyi sənədi görüb, çünki onlar bu sənədi açıq formada yayıblar. Lakin sənədə baxdıqda buna təklif demək olmaz. Həmin sənəd təqdim olunan zaman Ermənistan tərəfi bunun Azərbaycanın təkliflərinə reaksiya kimi bildirmişdi.

Rusiyalı sülhməramlı qüvvələrin Qarabağda fəaliyyətinə gəlincə Ceyhun Bayramov vurğulayıb ki, Qarabağda Rusiya sülhməramlılarının yerləşməsi üçtərəfli bəyanat əsasında həyata keçirilir.

“Təbii ki, vaxtaşırı hansısa suallar olur və o suallar əsasən hələ də Qarabağ bölgəsində Ermənistanın hərbi birləşmələrinin mövcudluğu, qanunsuz olaraq həmin ərazilərə səfərlərlə bağlıdır. Belə olan halda məsələ həm sühməramlıların buradakı komandanlığı, həm də digər səviyyələrdə qaldırılır və müzakirə mövzusu olur. Azərbaycan tərəfi məsələlərin məhz bu müstəvidə həll edilməsinin tərəfdarıdır”, - deyə nazir qeyd edib. 

  • Yazılıb
  • da (də) 2022 May 11
  • Göndərən جهان کمالی