Ter-Petrosyan mitinqdəki çıxışında Ermənistan prezidenti Serj Sarqsyanın 100 günlük fəaliyyətinə qiymət verib
Armenia Servisi/Aran Agentliyi
Dünən İrəvanda Ermənistan müxalifətinin mitinqi keçirilib. Matenadaran meydanında keçirilən razılaşdırılmamış aksiyada Ermənistanın birinci prezidenti, son prezident seçkilərində prezidentliyə namizəd olmuş Levon Ter-Petrosyan da iştirak edib.
Ter-Petrosyan mitinqdəki çıxışında Ermənistan prezidenti Serj Sarqsyanın 100 günlük fəaliyyətinə qiymət verib. O, son seçkilərdən sonra ölkədə demokratiya və insan haqları sahəsində vəziyyətin daha da pisləşdiyini, dövlət strukturlarının kriminallaşdığını bildirib: “Nə qədər fitri istedada malik olmalısan ki, 100 gün ərzində xalqı özünə qarşı qoya biləsən”. Eks-prezident Ermənistan müxalifətinin yeni tələblərini də açıqlayıb: Serj Sarqsyanın istefası, növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi.
Mitinqdə daha çox maraq doğuran məqam isə “Ermənistan Milli Konqresinin yaradılması haqqında” Bəyannamənin imzalanması olub. 15 siyasi partiya və 1 ictimai-siyasi hərəkatın lideri tərəfindən imzalanan sənəddə Ermənistan Milli Konqresinin hədəfləri bu cür sadalanıb: “Bütün siyasi məhbusların azadlığa buraxılması, ölkədə söz və mətbuat azadlığının bərqərar olması, 1 mart hadisələrinin beynəlxalq ekspertlərin iştirakı ilə hərtərəfli araşdırılması, növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi”. Bəyannaməyə sonuncu imza atan şəxs Levon Ter-Petrosyan olub.
Mitinq başa çatdıqdan sonra aksiya iştirakçıları İrəvan küçələrində yürüş keçiriblər.