Tarix : 2022 May 17
Kod 62544

Azərbaycanda Qarabağın “gələcək statusunu” necə görürlər?

Bugünlərdə Ermənistan tərəfi Azərbaycanla sülh danışıqlarının başlanması ilə bağlı təkliflərini açıqlayıb. Bununla da Azərbaycan tərəfinin bir neçə ay əvvəl təqdim etdiyi beş bəndlik təkliflərinə cavab verilib.

Arannews :Azərbaycanın martda açıqlanan təkliflərində dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü, siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımaq, sərhədləri müəyyən etmək və nəqliyyat əlaqələrini bərpa etməklə bağlı məsələlər yer alırdı.

Ermənistanın cavabında da Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmadığı bildirilir. Amma orada deyilir ki, Qarabağ ermənilərinin təhlükəsizliyi, onların hüquq və azadlıqlarına riayət olunması, habelə Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi Ermənistan tərəfi üçün prinsipial məsələdir.

Hələ Ermənistan tərəfi təkliflərini detallı açıqlamazdan öncə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov onların bəzi bəndlərinə münasibət bildirmişdi. Nazir demişdi ki, onları təklif saymır. Üstəlik, İkinci Qarabağ müharibəsinin başa çatdığı bu bir il altı ay ərzində Azərbaycan prezidenti dəfələrlə iddia edib ki, status məsələsi keçmişdə qalıb.

Bəs indi status məsələsində Azərbaycanın qırmızı cizgiləri nədir? Dağlıq Qarabağa əvvəlki muxtar vilayət statusu verilə bilərmi?

“Qarabağda yaşayan ermənilər də vətəndaşımızdır”

Bu suallara, hələlik, Azərbaycan Xarici İşlər Nazirliyindən yeni açıqlama almaq mümkün olmayıb. Amma Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov “Turan”a bildirib ki, Ermənistanın mövqeyində çox kəskin dəyişikliklərin olduğu diqqətdən yayınmır: “Elə bu səbəbdən də Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyana xəyanətkar deyir. Belə ki, Ermənistan indiyə qədər Dağlıq Qarabağın müstəqilliyindən bəhs edirdisə, indi onlar Qarabağın müstəqilliyini deyil, Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyini və hüquqlarını ön plana çəkirlər”.

Deputatın sözlərinə görə, bununla bağlı Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır: “Azərbaycan çoxmillətli dövlətdir, bütün digər etnosların hansı hüquqları varsa, eyni hüquqlar ermənilərə də şamil olunacaq”.

“Daha status məsələsi olmayacaq”

Qarabağın statusu məsələsinə gəlincə, komitə üzvü bildirib ki, Ermənistan Qarabağın müstəqillik ideyasından əl çəksə də, reallıqdan maksimum istifadə etməyə çalışır: “Yəni, Dağlıq Qarabağ Azərbaycanın tərkibində müəyyən statusa malik olsun. Hansı ki, 44 günlük müharibəyə qədərki danışıqlarda Azərbaycan dəfələrlə buna razı olmuşdu, biz Azərbaycanın tərkibində Qarabağa yüksək muxtariyyət statusunu verməyə hazır idik. Amma müharibədən sonra bütün reallıqlar dəyişdi. Cənab prezident da bildirib ki, daha status məsələsi olmayacaq”.

Siyasi şərhçi Azər Qasımlı isə Azadlıq Radiosuna bildirib ki, Azərbaycan iqtidarı danışıqların detallarını açıqlamır. Onun sözlərinə görə, 44 günlük müharibədən sonra Azərbaycanda və postsovet məkanında hazırda formalaşmaqda olan yeni status-kvo deməyə əsas verir ki, Dağlıq Qarabağa ərazi olaraq heç bir status verilə bilməz: “Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Orada yaşayan əhali də Azərbaycan Respublikasının vətəndaşlarıdır və onların hüquqları qorunmalıdır”.

“Azərbaycanın özü demokratikləşməlidir”

Lakin politoloq hesab edir ki, Azərbaycanın özü demokratikləşməlidir: “Ölkədə insan haqları və azadlıqları təmin olunmalıdır, seçkilər şəffaf keçirilməlidir. Bu nöqteyi-nəzərdən, həm Qarabağda ərazi olaraq, həm də digər bölgələrdə yerli özünüidarəetmə olmalıdır. Azərbaycanda mərkəzdən hər şey idarə olunmamalıdır, yerlərdə də insanların öz səlahiyyətləri olmalıdır. Yəni, geniş səlahiyyətli, xalq tərəfindən seçilmiş bələdiyyələr olmalıdır və onların geniş səlahiyyətləri olmalıdır. Həmçinin də Qarabağda”.

  • Yazılıb
  • da (də) 2022 May 17
  • Göndərən جهان کمالی