Gürcü-osetin münaqişə zonasındakı döyüşdə müxtəlif çaplı atıcı silahlardan və qumbaraatanlardan, həmçinin minaatanlardan da istifadə edildiyi bildirilib
Gorgia Servisi/Aran Agentliyi
Gürcü-osetin münaqişə zonasındakı sülhə dəstək üzrə qarışıq kontingentin sülhməramlıları gecə saatlarında tərəflər arasında toqquşma baş verdiyi barədə məlumat yayıb. Döyüş səhər saat 6 radələrində yenidən bərpa olunub. Atışma əsasən Sxinvalinin cənub-qərb tərəfi ilə Zemo-Nikozi kəndi arasında gedir.
Gürcü-osetin münaqişə zonasındakı döyüşdə müxtəlif çaplı atıcı silahlardan və qumbaraatanlardan, həmçinin minaatanlardan da istifadə edildiyi bildirilib. Vladimir İvanovun sözlərinə görə, hazırda olan məlumata əsasən, 6 nəfər həlak olub, 13 adam yaralanıb. Qeyd edək ki, bir qədər əvvəl Sxinvalinin Gürcüstan tərəfindən atəşə tutulması nəticəsində 12 nəfərin yaralanması barədə məlumat verilmişdi.
Tanınmamış Osetiya respublikasının prezidenti Eduard Kokoytı baş verənlərdə Tiflslə yanaşı, ABŞ və Ukraynanı da ittiham edib: "Cənubi Osetiyada başlanan snayper müharibəsinə görə, Gürcüstanla birgə ABŞ və Ukrayna da məsuliyyət daşıyır". Tanınmamış respublikanın informasiya və çap üzrə komitəsinin sədri İrina Qaqloyeva isə ötən həftə Ukraynanın Gürcüstana 40 ədəd, ABŞ-ın isə 120 ədəd snayper silahı ötürdüyünü bildirib. E.Kokoytı bəyan edib ki, Tiflsin həyata keçirdiyi son əməliyyatdan sonra onlar adekvat cavab tədbirlərinə əl atmalı olacaqlar: "Bizim Tiflisin təcavüzkar hərəkətlərinə cavabımız çox sərt və Gürcüstan üçün təsirli olacaq. Biz gürcü şəhərlərinə zərbə endirmək hüququmuzu özümüzdə saxlayırıq, bizim onları vuracaq vasitəmiz var".
Öz növbəsində tanınmamış Cənubi Osetiyanın müdafiə və fövqəladə hallar nazirinin müavini İbrahim Qasseev bildirib ki, ölkə silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Gürcüstan Daxili Işlər Nazirliyindəki analitik şöbənin rəhbəri Şota Utiaşvili baş verənlərə münasibət açıqlayaraq, tanınmamış Abxaziya respublikasının Tiflisin ünvanına səsləndirdiyi ittihamları rədd edib. Onun sözlərinə görə, hər şey ötən gün gürcü polislərinin Sxinvali yaxınlığında avtomobildə minaya düşməsindən və 6 təhlükəsizlik əməkdaşının yaralanmasından sonra başlayıb. Şota Utiaşvili daha sonra osetin silahlılarının Gürcüstan tərəfinin atıcı silahlar və qumbaraatanlardan atəşə tutduğunu, gürcü hərbçilərinin yalnız cavab atəşi açdığını bildirib. O, döyüş zamanı Sxinvalinin qumbaraatan və minaatanlardan atəşə tutulmasına dair deyilənləri təkzib edib.