Tarix : 2022 Jun 09
Kod 62603

Müdafiə Xətti İHT Tale Bağırzadənin aclıq aksiyası ilə bağlı çağırış etdi

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadənin başlatdığı aclıq aksiyası barədə “Müdafiə Xətti” İnsan Haqları Təşkilatı çağırış edib.
Arannews :Bu barədə “Müdafiə Xətti”nin həmtəsisçisi hüquq müdafiəçisi Rüfət Səfərov yazıb:
“Müdafiə Xətti” İnsan Haqları Təşkilatı dərin narahatlıqla qeyd edir ki, Müsəlman Birliyi Hərəkatının qurama ittihamlar əsasında 20 il müddətinə azadlıqdan məhrum edilən sədri, yerli və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən vicdan məhbusu kimi tanınan Taleh Bağırzadə saxlandığı Qobustan həbsxanasında aclıq aksiyası keçirir.
MBH-nın sədri Taleh Bağırzadənin aclıq etməsinə səbəb kimi son dövrlər polis idarələrində vətəndaşlara verilən işgəncələr fonunda Allahın, İslam müqəddəslərinin söyülməsi, təhqir edilməsi göstərilir.
“Müdafiə Xətti” bildirir ki, Taleh Bağırzadənin aclıq aksiyasına dəstək olaraq digər siyasi məhbuslar- Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseyn, Nardaran hadisələri ilə əlaqədar mühakimə olunmuş Cabbar Cabbarov və jurnalist Polad Aslanov da aclıq elan ediblər.
“Müdafiə Xətti” son dövrlər ölkədə repressiv mühitin dərinləşdiyini, eləcə də inanclı şəxslərin qanunsuz olaraq cinayət, ya da inzibati təqibə, işgəncəyə, qeyri-insani rəftara, ləyaqəti alçaldan davranışa məruz qaldığını dərin sarsıntı və təəssüf hissi ilə qeyd edir.
“Müdafiə Xətti” İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 18-ci maddəsini xatırladır: “Hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna malikdir: Bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə, dini təlimdə, ibadətdə və dini mərasim qaydalarının yerinə yetirilməsində açıq və özəl qaydada etiqad etmək azadlığı daxildir”.
“Müdafiə Xətti” İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 9.1-ci maddəsini xatırladır: “Hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir”.
“Müdafiə Xətti” Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin 2-ci hissəsini xatırladır: “Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır”.
“Müdafiə Xətti” Azərbaycan hökumətinə çağırış edir ki, əsas insan və vətəndaş hüquq və azadlıqlarına, eləcə də vicdan azadlığına ehtiram ruhunda siyasət yürütsün, dinindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat versin.
“Müdafiə Xətti” siyasi partiyalara, ictimai təsisatlara, hüquq müdafiəçilərinə, vətəndaş cəmiyyəti institutlarına, hüquq müdafiəçilərinə müraciət edir ki, MBH-nın sədri Taleh Bağırzadənin və əqidədaşlarının elan etdiyi aclıq aksiyasını diqqətdə saxlasınlar.
“Müdafiə Xətti” insan haqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların diqqətini yuxarıda göstərilən xüsusatlara, vicdan məhbusu Taleh Bağırzadənin və həmfikirlərinin aclıq aksiyasına cəlb edir.
  • Yazılıb
  • da (də) 2022 Jun 09
  • Göndərən جهان کمالی